Azərbaycan Cənubi Qafqaz ölkələri arasında ticarət dövriyyəsində liderdir
Cənubi Qafqazın ticarət dövriyyəsi 8,8 faiz azalıb. Bu ticarətdə Azərbaycanın payı isə artaraq 51,4 faiz təşkil edir.
Mövzu ilə bağlı olaraq iqtisadçı Fuad İbrahimov “İnformator.az”a bildirib ki, ticarət dövriyyəsi Azərbaycan və Gürcüstan arasındadır:
“Cənubi Qafqazda üç ölkə var: Azərbaycan, Gürcüstan və Ermənistan. Bu bölgə üzrə ümumi ticarət dövriyyəsinin 8.8 faizi qlobal miqyasda bölgənin payını göstərir. Bu dövriyyə daxilində Azərbaycanın payının 51.4 faizə yüksəlməsi o deməkdir ki, Cənubi Qafqaz ölkələri arasında xarici ticarət əlaqələrində Azərbaycan əsas ağırlığa sahibdir.
Bu, Ermənistanla Azərbaycan arasında birbaşa ticarət əlaqəsi olmasa da, bölgənin ümumi statistikası əsasında hesablanır. Yəni bu 51.4% Azərbaycanla Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələr arasında olan ticarət dövriyyəsinin region üzrə payıdır. Ermənistanla birbaşa ticarət yoxdur, bu da reallıqdır.
Azərbaycan iqtisadi baxımdan regionda liderdir: ÜDM yüksəkdir, büdcə sabitdir, tranzit imkanları genişdir. Ermənistan isə regionda blokadada olan bir dövlətdir və iqtisadiyyatı zəifdir. Gürcüstan isə əsas tranzit tərəfdaşdır.
Qeyd etdiyiniz kimi, bu, real ticarət zonası deyil, sadəcə statistik bölgüdür. Azərbaycanın iqtisadi üstünlüyü və regional çəkisi bu rəqəmlərdə öz əksini tapır.Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu kimi əsas kommunikasiya xətləri Gürcüstan üzərindən keçdiyi üçün aydındır ki, Azərbaycanın yükdaşıma qabiliyyəti hazırda əsasən bu ölkə vasitəsilə həyata keçirilir. Bu da göstərir ki, Gürcüstanın tranzit imkanlarının güclənməsində Azərbaycan birbaşa rol oynayır. Bu baxımdan Azərbaycan Gürcüstan üçün strateji əhəmiyyətə malik dövlətdir.
Ermənistana gəldikdə isə, ümid edirik ki, sərhədlər açıldıqdan sonra iqtisadi əməkdaşlıq mümkün olacaq. Hazırda Ermənistanın sərhədlərinin 80%-dən çoxu, yəni Türkiyə və Azərbaycanla olan sərhədlər bağlıdır. Əsas ticarət tərəfdaşı Rusiya olsa da, birbaşa sərhədi yoxdur və ticarət Gürcüstan üzərindən, əsasən də yuxarı Lars keçidindən həyata keçirilir. Bu keçiddə isə mövsümi çətinliklər yaşanır, yollar bağlanır, yüklər ləngiyir".
Arzu Poladova
