00:00:00
Yazar
Admin User
22.12.2025 18:55 88 2 dəq oxuma
Sosial

Azərbaycan Dəmir Yollarının istiqraz yerləşdirməsi

Azərbaycan Dəmir Yollarının istiqraz yerləşdirməsi

“Azərbaycan Dəmir Yolları” QSC Bakı Fond Birjasında 30 milyon ABŞ dolları həcmində istiqraz yerləşdirməyi planlaşdırır. Hər bir istiqrazın nominal dəyəri 100 dollar olmaqla, ümumilikdə 300 000 ədəd qiymətli kağız buraxılacaq. İstiqrazlar 60 ay müddətinə tədavüldə olacaq, illik gəlirliliyi 7 % təşkil edəcək və faiz ödənişləri rüblük qaydada həyata keçiriləcək.

 

İstiqrazların yerləşdirilməsində “ABB-İnvest İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış edəcək. Həmçinin, istiqrazları almaq istəyən şəxslər Bakı Fond Birjasının üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə biləcəklər.

 

Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın Dəmir Yollarının belə bir praktika tətbiq etməsi təqdirəlayiqdir:

 

“Azərbaycan Dəmir Yolları tərəfindən istiqrazların yerləşdirilməsi təbii ki, təqdirəlayiq bir addımdır. Çünki bu addım nəticə etibarilə dəmir yolunun maliyyə cəlbediciliyini və cəlb etdiyi vəsaitin həcmini artırmış olacaq.

 

Ümumiyyətlə, dünyanın əksər inkişaf etmiş ölkələrində nəqliyyat şirkətləri səhm bazarlarında aktiv iştirak edir və öz istiqraz və səhmlərini yerləşdirirlər. Bu praktika bir tərəfdən həmin şirkətlərə inamın artmasına, digər tərəfdən isə əlavə maliyyə mənbələrinin formalaşmasına imkan yaradır. Bu baxımdan Azərbaycanın Dəmir Yolları tərəfindən belə bir praktikanın tətbiqi təqdirəlayiqdir.

 

Təklif olunan 7%-lik illik gəlirlik olduqca cəlbedici göstəricidir. Xüsusilə Mərkəzi Bankın faiz siyasəti fonunda, sosial fondlarda və əmanətlərdə gəlirlərin azaldığı bir şəraitdə 7% faiz dərəcəsi investorlar üçün maraqlı hesab olunur. Hazırkı kapital bazarında bu, rəqabətqabiliyyətli bir faiz səviyyəsidir. Üstəlik, söhbət dövlət qurumunun buraxdığı istiqrazlardan gedirsə, bu da inam faktorunu daha da gücləndirir.

 

İstiqrazların buraxılması bir tərəfdən Azərbaycan Dəmir Yollarının maliyyə imkanlarını genişləndirəcək, digər tərəfdən isə yeni investisiyaların cəlb olunmasına şərait yaradacaq. Bu addım həmçinin korporativ idarəetmənin təkmilləşdirilməsinə, struktur və institusional islahatların sürətlənməsinə dəstək verəcək.

 

Belə uğurlu praktikanın digər dövlət müəssisələri və səhmdar cəmiyyətləri tərəfindən də tətbiq olunması məqsədəuyğun olardı. Bu, həm kapital bazarının inkişafına, həm də iqtisadiyyatın ümumi şəffaflaşmasına töhfə verə bilər”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər