“Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi keçirilib
Beynəlxalq Mətbuat Mərkəzində Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar (MİMTA) Fondunun layihəsi əsasında nəşr edilmiş “Azərbaycan Elm və İrfan sərdarları” kitabının geniş təqdimat mərasimi keçirildi.
İnformator xəbər verir ki, tədbirdə KİV nümayəndələri, tanınmış ictimai xadimlər iştirak etdilər. Çıxış edənlər arasında tədbirin aparıcısı tanınmış diktor, əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı, MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov, professor Cahangir Məmmədli, əməkdar jurnalist Flora Xəlilzadə, tarix elmləri doktoru Nərgiz Əliyeva, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, tarix üzrə fəlsəfə doktoru Kəmalə Nəcəfova, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, tədqiqatçı-yazar Fizuli Sabiroğlu, yazıçı-publisist Şəfəq Nasir, filologiya üzrə fəlsəfə doktoru Qənirə Əmircanova və digər elm və mədəniyyət xadimləri kitabın mədəniyyət tariximizə, milli-mənəvi dəyərlərimizə müstəsna bir töhfə olduğunu dedilər.
Qeyd edək ki, kitab tədqiqatçı-yazar Muxtar Cəfərlinin “Füyuzat” jurnalında dərc edilən silsilə məqalələrindən tərtib olunub. Müəllif bu ədəbi-bədii oçerklərdə əsərləri ilə dünya elm tarixində, mədəniyyət və ədəbiyyatında önəmli yer tutan, işıqlı fikirləri ilə insanlığın mənəvi tərəqqi yolunu aydınladan Azərbaycan böyüklərindən söz açır. Cənublu-şimallı böyük Azərbaycan torpağından çıxıb bütün dünyaya yayılmış bu şəxsiyyətlər yaşadıqları dövrün ən parlaq simalarından olmuşlar. Bu şəxsiyyətlər arasında Nizami Gəncəvi, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Həbibi, Məhəmməd Füzuli kimi məşhur şəxsiyyətlərlə yanaşı, Baha Kuhi Bakuvi, Eynülqüzzat Miyanəci, Nemətullah Naxçıvani, Cəfər Təbrizi kimi adları ictimaiyyətə o qədər də tanış olmayan elm və irfan sərdarları var. Müəllif bu şəxsiyyətlərə milli-mənəvi dəyərlər kontekstindən yaxınlaşdığı üçün kitab bu mövzudakı əvvəlki tədqiqatlardan ciddi şəkildə fərqlənir. Mövzuların əhatə genişliyinə baxmayaraq, əsərin dil və üslub sadəliyi onun geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu deməyə əsas verir.
