00:00:00
Yazar
Admin User
13.01.2026 13:48 76 2 dəq oxuma
Sosial

Azərbaycan Fransadan da toxumluq kartof tədarükünə başlayıb

Azərbaycan Fransadan da toxumluq kartof tədarükünə başlayıb

Azərbaycan 2025-ci ilin yanvar-oktyabr aylarında 6,5 milyon ABŞ dolları dəyərində 8 181 ton toxumluq kartof idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət baxımından isə 2,2 dəfə çoxdur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, bu məlumat Azərbaycan kartofçuluğunda yeni mərhələyə keçidin siqnalı kimi qiymətləndirilə bilər və məsələyə bir neçə aspektdən baxmaq lazımdır:

 

"Toxumluq kartofun keyfiyyəti birbaşa məhsuldarlığı, xəstəliklərə davamlılığı və bazar üçün yararlılığı müəyyən edir. Fərqli ölkələrdən sertifikatlı toxumların idxalı fermerlərə daha məhsuldar, viruslardan təmiz və iqlim stresinə nisbətən davamlı sortlara çıxış imkanı yaradır. Bu isə orta məhsuldarlığın artmasına, kartofun ölçü və xarici görünüş baxımından daha standart olmasına, saxlanma müddətinin uzanmasına müsbət təsir göstərə bilər. Eyni zamanda, idxaldan asılılığın artması yerli toxumçuluğun inkişafı ilə paralel aparılmasa, uzunmüddətli perspektivdə risk də yarada bilər.

 

Fransa Avropada toxumluq kartof istehsalı və seleksiyası üzrə qabaqcıl ölkələrdən biridir. Burada yetişdirilən sortlar yüksək məhsuldarlıq, bərabər yumru forması, bazar və emal üçün uyğunluq, eləcə də bir sıra virus və göbələk xəstəliklərinə qarşı nisbi davamlılıqla seçilir. Azərbaycanın torpaq-iqlim şəraitinə uyğunluq isə əsasən regiondan və becərmə texnologiyasından asılı olacaq. Sınaq əkinləri düzgün aparılarsa, xüsusilə yüksək dağətəyi və mülayim zonalarda Fransız sortları stabil və keyfiyyətli nəticə verə bilər.

 

Müxtəlif ölkələrdən toxum idxalı fitosanitar riskləri də artırır. Viruslar, bakterial xəstəliklər və karantin zərərvericiləri yerli istehsala ciddi zərər vura bilər. Buna görə də idxal olunan toxumluq kartofun ciddi laborator nəzarətdən keçməsi, sertifikatlaşdırılması və karantin tədbirlərinin tam tətbiqi vacibdir. Bundan əlavə, fermerlərə düzgün rotasiya, sahə gigiyenası və monitorinq qaydaları barədə maarifləndirmə aparılmalıdır.

 

Nəticə olaraq, toxumluq kartofun müxtəlif ölkələrdən, o cümlədən Fransadan idxalı düzgün planlaşdırılarsa, Azərbaycan kartofçuluğunda məhsuldarlıq və keyfiyyət artımına real töhfə verə bilər. Lakin bu proses mütləq yerli toxumçuluğun gücləndirilməsi və fitosanitar təhlükəsizliklə paralel aparılmalıdır". 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər