Azərbaycan lideri OPEC ilə razılıq əldə etməyə hazır olduğunu deyir
Azərbaycan prezidenti İlham Əliyev neft hasilatının azaldılmasına dair qlobal razılaşmanın əldə olunacağı təqdirdə, OPEC ilə hasilat siyasətinlə bağlı əməkdaşlığa hazır olduqlarını bəyan edib. Bu, indiyədək Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) bununla bağlı dəvətini rədd etmiş bu postsovet ölkəsinin mövqeyində kəskin dəyişilikliyin olduğunu göstərir.
Son 18 ayda hasilat həcminin artması ilə neftin qiymətinin 70% ucuzlaşdığını xatırladan İlham Əliyev bunun hökumət üçün çətinliklər yaratdığını söyləyib. “Əlbəttə, buna hazır deyildik. Biz Azərbaycanda özümüzü neftsonrası dövrə - 20 il sonraya hazırlayırdıq”, - deyə o, Davosda keçirilən Dünya İqtisadi Formunda biznesmenlər və siyasətçilərlə görüşü zamanı qeyd edib: “Buna görə də bu, bizim üçün gözlənilməz oldu. Biz bu il büdcəmizi neftin 50 dollar qiymətinə görə, ötən il isə 90 dollar qiymətinə görə planlaşdırmışdıq”.
Xatırladaq ki, bu həftə neftin qiyməti 2003-cü ildən bəri ən aşağı həddə düşüb. Çərşənbə günü “Brent” markalı neftin 1 bareli təxminən 28 dollara satılıb.
Bu arada SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov neft hasilatının quyuların konservasiyası ilə tarazlaşdırıla biləcəyini söyləyib.
Qeyd edək ki, ötən il Azərbaycanda neft istehsalı 0,8%, yəni 41,7 milyon (gündəlik 837 min barel) tona qədər azalmışdı. Azərbaycan lideri neftin qiymətində enişin davam etməsinin ölkə büdcəsinə ciddi təsir göstərəcəyini bildirir.
İ.Əliyev deyib ki, Azərbaycanda milli valyutanın devalvasiyası ilə bağlı kiçik etirazlar olub və artıq bu etirazlar sona çatıb: “Bununla əlaqədar bir sıra narahatlıqlar yarandı. Bu, kiçik bir etiraz idi. Bunun səbəbi də insanların hazır olmadığı bir stress vəziyyəti yaşaması idi. Amma artıq bu, bitdi və zənn edirəm ki, Azərbaycandakı inkişaf davamlı olacaq”.
