00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
13.11.2026 22:30 12 2 dəq oxuma
Siyasət

Strateji tərəfdaşlıq – Azərbaycan və Böyük Britaniya münasibətləri yeni mərhələyə yüksəlib

Strateji tərəfdaşlıq – Azərbaycan və Böyük Britaniya münasibətləri yeni mərhələyə yüksəlib

 

Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, Orta Dəhliz, təhsil və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Tərəflər həmçinin regional təhlükəsizlik və davamlı sülhün təmin olunması istiqamətində birgə səyləri dəstəkləməyi öhdələrinə götürüblər.

​Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Britaniya münasibətlərinin dərin tarixi kökləri var və bu əlaqələr əsasən enerji siyasəti üzərindən formalaşıb:

 

​“1994-cü ilin 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin birbaşa iştirakı ilə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olundu. Bu prosesdə Böyük Britaniyanın  “British Petroleum” (BP) şirkəti xüsusi fəallıq göstərdi və iki ölkə arasındakı tərəfdaşlıq əlaqələri intensiv şəkildə inkişaf etməyə başladı. Bu sahədə dərinləşən münasibətlər sonradan tərəfdaşlığa strateji xarakter qazandırdı”.

 

​Deputatın sözlərinə görə, 1994-cü il 23 fevral tarixli dostluq və əməkdaşlıq, eləcə də 1998-ci il 21 iyul tarixli dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamələr bu əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaradıb. Azər Allahverənov hesab edir ki, artıq strateji mahiyyət daşıyan bu münasibətlərin hüquqi çərçivəsini müəyyən etmək dövrün tələbi idi və bu, Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə toplantısı zamanı imzalanan sənədlə öz təsdiqini tapıb.

 

​Deputat qeyd edib ki, sənəddə yer alan müdafiə və təhlükəsizlik məsələləri ikitərəfli və regional koordinasiyanı daha da gücləndirəcək:

 

​“Müdafiə və təhlükəsizlik bu gün bir çox dövlətlər üçün həyati əhəmiyyət daşıyır. Bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın güclənməsinə səbəb olacaq. Nəticə etibarilə təhlükəsizlik məsələləri ikitərəfli əməkdaşlıq sayəsində daha dayanıqlı şəkildə bərqərar ediləcək”.

 

​Azər Allahverənovun fikrincə, ikinci vacib istiqamət ticarət və investisiyaların artırılmasıdır. Buraya yaşıl enerji strategiyası, investisiya qoyuluşları, süni intellekt və yeni texnoloji yeniliklərin tətbiqi daxildir. Bu prosesdə ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın rolunun gücləndirilməsi işlək mexanizm kimi çıxış edir.

 

​Deputat bildirib ki, sənəddə təhsil, elm və innovasiya məsələləri də prioritet kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, bu sahələr uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın əsas amilidir:

​“Təhsil, tədqiqat və innovasiyalar rəqabətədavamlı və inklüziv iqtisadiyyatın qurulmasında mühüm rol oynayır. Xüsusilə iki dövlətin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri təşviq edən insanlararası mübadilələr və peşəkar şəbəkələrin həvəsləndirilməsi əlaqələrin daha da dərinləşməsinə xidmət edir”.

 

​Deputatın sözlərinə görə, imzalanan birgə bəyannamədən irəli gələn əməkdaşlıq bu günə qədər qazanılmış zəngin təcrübəyə və möhkəm bağlara söykənir. Bu fundament iki ölkə arasındakı strateji tərəfdaşlığın gələcəkdə də real nailiyyətlərlə nəticələnəcəyinə ciddi zəmin yaradır.

 

  Aytən Əhmədova

#münasibətləri #britaniya #yüksəlib #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər