Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə “Bridge” media sammitində
Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən “Bridge” media sammitində iştirak edir. Tədbirdə süni intellekt, rəqəmsal məzmun və müəllif hüquqları kimi sahələr müzakirə olunur. Sammitə 60 mindən çox qonaq və yüzlərlə ekspert qatılır. Məqsəd yaradıcı sahədə əməkdaşlıq və innovasiyaların inkişafıdır.
Mövzu ilə bağlı mətbuat eksperti Nəmənd Rüstəmov “İnformator.az”a açıqlamasında bildirib ki, dekabrın 8-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində “Bridge Media Summit” keçirilir:
“Bu sammitdə dünyanın müxtəlif ölkələrindən nümayəndələr, o cümlədən 60 milyondan çox insana təsir göstərən media liderləri iştirak edir. Ən diqqətçəkən məqamlardan biri odur ki, tədbirdə 400-dən çox beynəlxalq səviyyəli media lideri, yəni sektorun kapitanları çıxış edəcək. Onlar medianın bu günü, gələcəyi, çağırışları və imkanları barədə müzakirələr aparacaqlar. Tədbirin əsas məqsədi nəzəri biliklərlə yanaşı, praktik təcrübələrin də paylaşılmasıdır. Sammit 7 əsas istiqamət üzrə təşkil olunub: 1.xəbər otaqlarının gələcəyi və konvergensiya prosesi: rəqəmsallaşma və konvergensiya medianın formalaşmasında mühüm rol oynayır. Bu kontekstdə xəbərlərin çatdırılma formatı, sosial media platformalarının rolu və rəqəmsal xəbər istehsalı müzakirə olunur. 2.Məzmun istehsalı və brendləşmə:müasir kontent istehsalı, brendlərlə əməkdaşlıq və auditoriyaya təsir imkanları, uğurlu media layihələrinin formalaşdırılması önə çıxarılır. 3.Süni intellekt və müəllif hüquqları: süni intellekt vasitəsilə məzmun istehsalı-musiqi, video, şəkil və mətn yaradılması -müəllif hüquqları və gəlir bölgüsü məsələlərini gündəmə gətirir. 4.Video oyunlar və kreativ iqtisadiyyat: video oyunlar kreativ sektorun mühüm hissəsidir. Bu sahədə mövcud problemlər, iqtisadi təsir və inkişaf imkanları müzakirə olunur. 5.Texnologiyalar və media alətləri: medianın texniki infrastrukturu, istifadə olunan avadanlıqlar, süni intellekt və yeni texnoloji trendlər nəzərdən keçirilir. 6.Marketinq və gəlir modelləri: rəqəmsal platformalarda reklam, gəlir əldəetmə üsulları, influenserlər və məhsul təqdimatçılarının rolu təhlil olunur. 7.Kino və süni intellektin təsiri: süni intellektin kino sənayesində tətbiqi, yaradıcı proseslərə təsiri və gələcək imkanlar müzakirə olunur. Ölkəmiz tədbirdə yüksək səviyyədə təmsil olunur. Media Agentliyinin rəhbərliyi, Prezident Administrasiyasının nümayəndələri o cümlədən Pərvanə İbrahimova, Media Akademiyasının rəhbəri Almaz Mahmudova, A-News kanalının rəhbəri Rüfət Həmzəyev tədbirdə iştirak edir. ARB 24 TV-nin icraçı direktoru Radik İsmayılovun beynəlxalq media qurumlarından biri ilə əməkdaşlıq müqaviləsi imzaladığı rəsmi olaraq açıqlanıb. Digər media orqanlarımızın da əməkdaşlıqlar qurması mümkündür. Sammit sabah başa çatacaq və yekun nəticələr açıqlanacaq. Bu cür beynəlxalq tədbirlərdə iştirak ölkəmizin media sektoruna yeni biliklər, texnoloji yeniliklər və təcrübə gətirir. Elmi-texniki tərəqqi qlobal miqyasda baş verdiyi üçün, bu proseslərə qoşulmaq və geridə qalmamaq çox vacibdir. Azərbaycan mediasının bu cür tədbirlərdə iştirakı, dünyadakı yenilikləri izləməsi və onlardan faydalanması strateji baxımdan önəmlidir. Bu həm rəqəmsal inkişaf, həm də media sahəsində keyfiyyətin artırılması üçün vacib bir addımdır”.
Mələk Hüseynova
