Azərbaycan-Niderland əlaqələri müzakirə edilib
Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marian de Yonq Xarici İşlər Nazirliyində olub.
Bu barədə Niderland səfirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, səfir Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov ilə görüş keçirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan–Niderland əlaqələri həm siyasi-diplomatik, eyni zamanda iqtisadi-ticari və xüsusilə də enerji sektoru sahəsində demək olar ki, çox geniş əməkdaşlığa söykənir:
"Baxmayaraq ki, Niderland Avropa İttifaqına üzv olan ölkələr arasında Azərbaycanla əsas ticarət tərəfdaşlarından biridir, Azərbaycan da enerji sektorunun Avropaya nəqlində ciddi rola malik olan ölkələrdəndir. Amma bununla belə, təəssüflər olsun ki, Fransanın Azərbaycana qarşı qərəzli siyasətinin təsirləri digər Qərbi Avropa ölkələrində olduğu kimi Niderland parlamentində də özünü göstərir. Niderland deputatlarının ayrı-ayrılıqda Azərbaycana, xüsusilə Qarabağ məsələsi ilə bağlı qərəzli xarakter daşıyan və beynəlxalq hüquqa, ikitərəfli münasibətlərə uyğun olmayan açıqlamalarına biz zaman-zaman şahid olmuşuq. Lakin bununla yanaşı, Niderland hökuməti səviyyəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı, qondarma Qarabağ məsələsi ilə bağlı xüsusi və rəsmi bir münasibət seçilmir. Xüsusilə də, Azərbaycana qarşı qərəzli mövqeyi biz daha çox Niderland parlamenti və ayrı-ayrı parlament üzvlərinin fəaliyyətində görürük.
Bunun xaricində dövlətlərarası münasibətlər əsasən işgüzar və dinamik xarakter daşıyır. Son məsləhətləşmələrin də münasibətlərin bundan sonra inkişafına və yeni istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edəcəyini düşünürəm. Bu gün Niderlandın da Avropa İttifaqına üzv bir ölkə kimi qitənin ümumi təhlükəsizliyi və rifahı üçün müəyyən addımların atılmasına xüsusi diqqət yetirməsinə ehtiyac var. Avropanın, xüsusilə enerji təhlükəsizliyində Azərbaycanın çox vacib faktor olduğunu nəzərə alsaq, bu görüşlərin həm də Azərbaycan–Avropa İttifaqı arasında enerji mənbələrinin şaxələndirilməsinə daha çox töhfə verilməsi istiqamətində aparılan müzakirələrlə yadda qaldığını demək olar".
Aişə Mustafayeva
