Azərbaycan-Oman vizası ləğv edilib
Azərbaycan və Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi barədə saziş rəsmən təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Qanuna əsasən, saziş 2025-ci il oktyabrın 29-da Oman Sultanlığının paytaxtı Məsqət şəhərində imzalanıb və tərəflər arasında rəsmi səfərlərin asanlaşdırılmasını nəzərdə tutur. Sənədə görə, hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasportuna malik vətəndaşları müəyyən edilmiş müddət ərzində vizasız şəkildə qarşılıqlı səfər edə biləcəklər.
Qeyd edək ki, viza rejiminin sadələşdirilməsi son illər Azərbaycan tərəfindən bir sıra ölkələrlə imzalanan oxşar sazişlərin davamı olaraq, xarici siyasət əlaqələrinin inkişafı və diplomatik münasibətlərin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az”a açıqlamasında bildirib ki, sənəd əsasında müvafiq hüquqi akt qüvvəyə minmiş olur:
“Ümumiyyətlə, vizadan azadolma məsələsi qanunvericiliklə tənzimlənir. Bu proses belə həyata keçirilir: müvafiq qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunur, daha sonra Konstitusiyaya uyğun şəkildə prezident tərəfindən imzalanır. Prezidentin imzasından sonra qanun hüquqi qüvvə qazanır və icra mexanizmləri işə düşür.
Azərbaycan hökuməti ilə digər ölkələr arasında bağlanan sazişlər, xüsusilə də vizadan azadolma kimi məsələlərə dair olanlar, prezidentin səlahiyyətinə daxil olan sahələrdir. Bu cür sazişlər Milli Məclisdə təsdiqləndikdən sonra prezident tərəfindən imzalanır və həmin sənəd əsasında müvafiq hüquqi akt qüvvəyə minmiş olur”.
Aydan Əsgərxanlı
