Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri münasibətlərin strateji müttəfiqliyə yüksəlməsini göstərir
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı Azərbaycan-BƏƏ münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi və hərbi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması diqqət çəkib. Səfər çərçivəsində keçirilən “Sülh qalxanı-2026” təlimləri iki ölkənin hərbi təcrübə mübadiləsini gücləndirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan və BƏƏ arasındakı münasibətlər hər iki ölkənin maraqlarına uyğundur:
"Birləşmiş Ərəb Əmirliyi Körfəz coğrafiyasının və Ərəb dünyasının aparıcı ölkələrindən biridir. Azərbaycanın bu ölkə ilə əməkdaşlığı həm coğrafi mövqelərini gücləndirir, həm də Yaxın Şərq siyasətində əlini möhkəmləndirir. BƏƏ üçün isə Azərbaycanla münasibətlər Cənubi Qafqaz regionunda mövcudluğunu təmin etmək və Orta dəhliz marşrutu üzərindəki mövqelərini gücləndirmək baxımından vacibdir.
Həmçinin, BƏƏ qlobal investor ölkəsidir və Azərbaycanın bu əməkdaşlıqdan iqtisadi divident əldə etməsi, xüsusən azad olunmuş ərazilərə investisiya cəlb etmək baxımından önəmlidir. Artıq bəzi sahələrdə, o cümlədən Yaşıl enerji sektorunda BƏƏ-nin investisiyaları müşahidə olunur. Bu münasibətlər hər iki ölkənin həm iqtisadi, həm də siyasi mövqelərini gücləndirir".
Reyhan Quliyeva
