“Azərbaycan “töhfə verməyə hazırdır””
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Pezeşkian bölgədə artan gərginliyi müzakirə etmək üçün telefon danışığı aparıblar. Əliyev Azərbaycanın regional sabitliyin qorunmasına töhfə verməyə hazır olduğunu bildirib. Son günlər ABŞ-ın hərbi qüvvə göndərməsi və İranın sərt bəyanatları ilə bölgədə vəziyyət daha da kəskinləşib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Arzuxan Əlizadə bildirib ki, yanvarın 31-də Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında telefon danışığı olub. Danışıq zamanı Prezident İlham Əliyev İranla qonşuluq münasibətləri və bu münasibətlərin, əməkdaşlığın müsbət məcrada inkişafı ilə bağlı mövqeyini sərgiləyib, həmçinin hər iki prezidentin bu əməkdaşlığa verə biləcəyi töhfələr dəyərləndirilib:
"Məlumdur ki, İran Prezidenti iki dəfə Azərbaycana səfər edib, Azərbaycan Prezidenti ilə görüşlər keçirilib və bu görüşlərdə müxtəlif məsələlər, xüsusilə regionda baş verən proseslər və Azərbaycan-İran münasibətləri danışıqların əsas mövzusu olub. Azərbaycan İranda yaşayan 40 milyonluq Azərbaycan türklərinin taleyi ilə də kifayət qədər yaxından maraqlanır və təbii ki, orada yaşayan soydaşlarımızın, bacı-qardaşlarımızın durumu həmişə diqqət mərkəzində olub. Onların hüquqlarının təmin olunması və rifah şəraitində yaşaması da Azərbaycan üçün əsas məsələlərdən biridir. Eyni zamanda, iki ölkə arasındakı münasibətlər davam edir. Qonşu ölkə olaraq Azərbaycan tərəfi bu münasibətlərin normal məcrada inkişaf etməsində maraqlıdır. Baxmayaraq ki, 30 ilə yaxın müddət ərzində İran-Azərbaycan münasibətlərində qarşı tərəfin atdığı addımlar narahatlıqlara səbəb olub. Xüsusilə Ermənistana verdikləri dəstək və digər məsələlər Azərbaycan-İran münasibətlərinə müəyyən qədər xələl gətirib. Amma hazırda həm İlham Əliyev bu məsələdə israrlıdır ki, İranla münasibətlər normallaşsın, həm də görünür ki, İran Prezidenti də son dövrlərdə atdığı addımlarla Azərbaycanla yaxın əməkdaşlıqda maraqlı olduğunu sübut edir. Danışıq zamanı həmçinin iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Məsələn, Araz çayı üzərində bir körpü salınır və orada görülən işlərin davam etməsi də müzakirə mövzusuna daxil olub".
Reyhan Quliyeva
