“Azərbaycan-Türkiyə sarsılmaz qardaşlığı çətin məqamda mahiyyətini nümayiş etdirib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda üç il əvvəl Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan xalqının və dövlətinin qardaş ölkəyə göstərdiyi dəstəkdən danışıb. Dövlət başçısı bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı faciə anında öz real mahiyyətini nümayiş etdirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında KAFKASSAM sədri, Prof. Dr. Hasan Oktay bildirib ki, bu məktub Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi və ya iqtisadi əməkdaşlıqdan ibarət olmadığını, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan taleyüklü birlik olduğunu göstərir:
"Strateji baxımdan bu, ən çətin anlarda - zəlzələ kimi təbii fəlakətlərdə və ya Qarabağ müharibəsi kimi hərbi proseslərdə heç bir şərt irəli sürmədən köməyə tələsmək refleksini simvolizə edir. Məktub, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn bu bağların sarsılmaz olduğunu təsdiqləməklə yanaşı, Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli sülhünün bir an əvvəl imzalanmasına da zəmin yaradır. Regional diplomatiyada bu mesajlar bir “sabitlik və güc bloku”nun elanıdır. Xüsusilə Cənubi Qafqaz və Yaxın Şərqdəki digər aktorlara Ankara və Bakının bir-birindən asılı olmayan şəkildə hərəkət etmədiyi mesajını verir. Bu cür həmrəylik regional sülhün qorunmasında caydırıcı amil rolunu oynadığı kimi, Türk Dünyasının inteqrasiyası üçün də bir model təşkil edir. Türkiyə ilə Türk dünyası arasında mühüm kilid daşı mövqeyində olan Ermənistanın sülh sazişi ilə bölgədə normallaşması diplomatiyanın qələbəsi kimi qiymətləndiriləcək".
O cümlədən, Hasan Oktay vurğulayıb ki, beynəlxalq ictimaiyyət üçün bu, “yumşaq güc”ün (soft power) istifadəsinə mükəmməl bir nümunədir:
"Bir dövlət yalnız hərbi və ya enerji gücü ilə deyil, eyni zamanda empatiya və yüksək təşkilatçılıq qabiliyyəti ilə qonşusunun köməyinə çatarsa, dünyada hörmət qazanır. Bu jestlər Azərbaycan və Türkiyənin regional təhlükəsizliklə yanaşı, humanitar dəyərlər baxımından da etibarlı tərəfdaşlar olduğunu sübut edir".

Reyhan Quliyeva
