Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair çərçivə proqramı qəbul edilib
Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair çərçivə proqramı qəbul edilib
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üç tərəfli görüşünün sonunda birgə bəyannamə qəbul edilib. Türkmənistanın paytaxtı Aşqabadda reallaşan tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Raşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu hər üç ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndiriblər və birgə bəyanat qəbul ediblər. Tərəflər bir birilərinin dövlətlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq ediblər. Eləcə də beynəlxalq siyasət məsələlərini müzakirə edərək, sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, beynəlxalq və regional miqyasda, xüsusilə Mərkəzi Asiya, Xəzər dənizi regionu, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə etimad və qarşılıqlı anlaşma şəraitinin yaradılması istiqamətində göstərdikləri səylərin əhəmiyyətini qeyd ediblər. Xarici işlər nazirləri Azərbaycan, Türkiyə vəTürkmənistan Prezidentlərinin 5 iyun 2014-cü ildə Bodrum şəhərində görüşünün yüksək əhəmiyyətini və konstruktiv xarakterini xüsusi vurğulayıblar. Nazirlər yüksək səviyyədə əldə olunmuş razılaşmaların siyasi, enerji, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın müxtəlif sahələrində üçtərəfli əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaratdığını bildiriblər. Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Bununla Xəzər dənizi regionundan Türkiyədən keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olunub. Xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət veriblər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan -Gürcüstan-Türkiyə” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb. Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul ediblər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar.
Qeyd edək ki, növbəti görüş Türkiyədə keçiriləcək. Bu sayca ikinci üçtərəfli görüşdür
