Azərbaycan təcrübəsi elmi seminarda təqdim olunub
BDU-nun Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Zənurə Talıbova “İctimaiyyətlə əlaqələrin dövlət idarəçiliyində strateji rolu: Azərbaycan təcrübəsi” mövzusunda elmi seminar təqdim edib.
"İnformator.az" xəbər verir ki, seminarda ictimaiyyətlə əlaqələr (İƏ) dövlət orqanlarının cəmiyyətlə qarşılıqlı münasibətlərini tənzimləyən, ictimai rəyin formalaşdırılmasına təsir göstərən əsas strateji idarəetmə aləti olduğu vurğulanıb.
Təhlildə Azərbaycanın mövcud təcrübəsi beynəlxalq nümunələrlə (Özbəkistan, Qazaxıstan, Estoniya və Malayziya) müqayisəli şəkildə araşdırılmış, İƏ konsepsiyasının elmi əsasları və dövlət sektorunda inkişaf dinamikası ədəbiyyat icmalı fonunda təqdim olunub. Tədqiqat keyfiyyətçi metodologiyaya əsaslanmış və müqayisəli təhlil yanaşması tətbiq olunub. Empirik nəticələr göstərir ki, İƏ hökumət və vətəndaş arasında inamın gücləndirilməsi, şəffaflığın artırılması, islahatların izahı və ictimai dəstəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Malayziyada dövlət PR sisteminin institusionallaşdırılması, Estoniyada isə e-hökumət və rəqəmsal kommunikasiya modellərinin inkişafı bu sahədə nümunəvi təcrübələr kimi qeyd olunur. Azərbaycan ASAN Xidmət və e-hökumət platformaları ilə mühüm nəticələr əldə etsə də, sosial media idarəçiliyi və rəqəmsal kommunikasiya sahəsində əlavə təkmilləşməyə ehtiyac mövcuddur.
Tədqiqatın nəticələrinə görə, ictimaiyyətlə əlaqələr yalnız idarəetmə prosesinin daxili effektivliyinə deyil, eyni zamanda ölkənin beynəlxalq imicinin formalaşmasına təsir edən strateji resurs kimi çıxış edir. Xarici kommunikasiya uğurlarının davamlılığı isə dövlət–vətəndaş münasibətlərinin daxildə nə dərəcədə sağlam qurulmasından asılıdır.


