Azərbaycan və BƏƏ hərbçilərinin “Sülh Qalxanı - 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir
Əbu-Dabidə Azərbaycan Ordusu ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçiriləcək “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təliminin hazırlıq məşqləri davam edir.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən birgə təlimlər iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın inkişaf səviyyəsini aydın şəkildə nümayiş etdirir:
"2-3 fevral tarixlərində Əbu-Dabidə “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimləri keçiriləcək. Hazırda təlimlərin icrası üçün hazırlıq məşqləri davam edir. Azərbaycan Silahlı Qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri ilə birgə təlimlər keçirməsi ordumuzun müxtəlif əməliyyatlarda iştirak imkanlarının genişləndirilməsi və müdafiə qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təlimlər dağlıq ərazilər və dəniz şəraiti də daxil olmaqla müxtəlif mühitlərdə birgə əməliyyatların icrasını nəzərdə tutur. Buraya qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, eləcə də ələ keçirilmiş gəmilər üzərində nəzarətin bərpası kimi tapşırıqlar daxildir. Ümumilikdə, bu təlimlər terrorçuluğa qarşı mübarizə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və beynəlxalq sülhyaratma missiyalarında iştirak imkanlarının artırılması istiqamətində dövlətin vasitəsilə ardıcıl və məqsədyönlü addımlar atılır".
Müsahib qeyd edib ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü 60 ordusu sırasında yer alır:
"Belə təlimlər ordumuzun peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir. Müasir dövrdə beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri terrorizmdir. Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri ilə birgə keçirilən əməliyyat-taktiki təlimlər və onlara hazırlıq prosesi Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə daha fəal və təsirli iştirak imkanlarını artıracaq. Bu, müasir standartlara cavab verən ordu quruculuğu istiqamətində mühüm addımdır. Ölkə Prezidenti müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini daim vurğulayır. Müxtəlif ölkələrlə ikitərəfli təmaslar fonunda təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri kimi önə çəkilir. Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən birgə təlimlər də iki ölkə arasında tərəfdaşlıq və əməkdaşlığın inkişaf səviyyəsini aydın şəkildə nümayiş etdirir. Cənubi Qafqaz regionu tarixən yüksək münaqişə potensialı ilə səciyyələnib. Azərbaycanın siyasi iradəsi və gücü sayəsində regionda münaqişə potensialı əhəmiyyətli dərəcədə zəiflədilib və hazırda sülh gündəliyi irəli aparılır".
Eyni zamanda, müsahib qeyd edib ki, növbəti mərhələdə regional təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində daha təsirli addımların atılması zəruridir:
"Regionun siyasi, iqtisadi və hərbi baxımdan aparıcı dövləti kimi Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunması üçün mühüm rol oynayır. Bu baxımdan, Azərbaycan Silahlı Qüvvələrinin Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri ilə birgə təlimlər keçirməsi regionda təhlükəsizlik imkanlarının genişləndirilməsi və sülhün davamlı şəkildə bərqərar olması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Səmayə Səftərova
