Azərbaycan və BƏƏ münasibətləri
Azərbaycanın xarici siyasətində Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər artıq sadə tərəfdaşlıq yox, strateji müttəfiqlik mərhələsinə keçib. Prezident İlham Əliyevin Əbu-Dabiyə işgüzar səfəri də məhz bu xəttin növbəti mühüm detalı kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, BƏƏ investisiyaları qeyri-neft sektorları, sənaye və kənd təsərrüfatını inkişaf etdirə bilər, amma bunun üçün qanunvericilik və bazar şəraiti yaxşılaşdırılmalıdır:
"Təbii ki, burada, məsələn, yaşıl enerji sahəsində investisiyalar var. Neft və qaz sektorundan kənarda bərpa olunan enerji layihələrinin icrası mövcuddur; onların investisiyaları var və bu məsələlər böyüyə bilər. Enerji sahəsində əməkdaşlıq perspektivi genişlənə və regional səviyyəyə keçə bilər. Ümumiyyətlə, Birləşmiş Ərəb Əmirliklərinin pulu var; onlar Azərbaycanın qeyri-neft sektorlarına investisiya qoya bilərlər. Xüsusən sənayenin inkişafı məsələsində vəziyyət çoxlu problemlərlə üzləşib. Təəssüf ki, hökumət düzgün islahatlar aparmır. Buna görə də, BƏƏ kənd təsərrüfatına və turizmə müəyyən investisiya edə bilər. Mən hesab edirəm ki, bu sahələrdə potensial var. Əlavə olaraq, BƏƏ investisiya etsə, neft və qaz sektorunda diversifikasiya yarada və ümumiyyətlə iqtisadi diversifikasiyaya töhfə verə bilər. Kənd təsərrüfatı sektorunda investisiyaların artması mümkündür. Bunun üçün isə Azərbaycan müəyyən tədbirlər görməlidir həm əmək bazarında, həm vergi sistemində, həm də digər sahələrdə tənzimləmələr aparılmalıdır. Əsas isə iş şəraitinin yaxşılaşdırılması, risklərin azalması, qanunvericilik və məhkəmə məsələlərinin gücləndirilməsidir".
Arzu Poladova
