Azərbaycan və Çexiya arasında əməkdaşlıq müzakirə edilib
Parlament sədrlərinin IV Ümümdünya konfransı keçirilir. Azərbaycanı konfransda Milli Məclisin Sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti təmsil edir.
İnformator Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Gi Mun BMT-nin sülhyaratma fəaliyyəti, müasir dövrün çağırışları və vəzifələri barədə danışaraq parlament üzvlərini hər bir insan üçün təhlükəsiz gələcəyin, bərabərhüquqlu cəmiyyətin yaradılması naminə daha böyük əzmlə çalışmağa çağırıb.
Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Y.Hamaçek cari ilin iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini qeyd edib və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib.
Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən Oqtay Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu qeyd edib. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.
