00:00:00
Yazar
Admin User
09.02.2026 15:29 67 3 dəq oxuma
Siyasət

“Azərbaycan və Ermənistan sülh anlaşmasının yekun imzalanmasına çox yaxındır”

“Azərbaycan və Ermənistan sülh anlaşmasının yekun imzalanmasına çox yaxındır”

Azərbaycan və Ermənistan sülh anlaşmasının yekun imzalanmasına çox yaxındırlar. Bu imzalanmadan dərhal sonra Cənubi Qafqazda yeni bir dövrün başlanğıcı olacaq. Prezident Tramp iki ölkə arasında sülh anlaşmasının imzalanmasına xüsusi diqqət yetirir.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi uğurla davam edir:


“Vaşinqtonda baş tutan tarixi görüş və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın vasitəsilə liderlərin bir araya gəlməsi, sülh sazişinin paraflanması, eyni zamanda Tramp yolu ilə dair mühüm razılaşmanın əldə edilməsi tarixi uğurdur və ən yeni tariximiz baxımından da bu olayı müsbət qiymətləndirə bilərik. O vaxtdan bu günə qədər tərəflər arasında müxtəlif səviyyəli görüşlər keçirilibdir. Birbaşa təmaslardır bunlar, hamısı və eyni zamanda neytral ölkələrdə liderlərin görüşləri baş tutubdur. Amma ümumiyyətlə, biz Vaşinqton görüşü sonrası istər Azərbaycan prezidenti İlham Əliyev, istərsə də Ermənistan baş naziri Nikol Paşinyanın çıxışlarında sülhə dair pozitiv mesajların verildiyini, liderlərin isə eyni zamanda müxtəlif platformalarda görüşləri zamanı ictimaiyyətə pozitiv mesajlar və görüntülər verdiyini gördük. Bütün bunlar hamısı sülh prosesinin uğurla davam etdiyini göstərir. Söhbət təkcə siyasi sferadan deyil, eyni zamanda digər sferalardan gedir ki, iki ölkə istər ictimaiyyəti, istərsə siyasi camianı sülh sazişinə hazırlayır. Təbii olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması region üçün real imkanlar vəd edir. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, iki ölkə arasında sərhədlər və əməkdaşlıq dayandırılmışdı və bu, həm misal üçün Tramp yolu ilə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya yaradacaq”.


Həmçinin şərhçi qeyd edib ki, paralel olaraq, keçmiş sovet dövründən qalma əlaqələr də bərpa ediləcək:


“Burada söhbət Ermənistanın kənd təsərrüfatı məhsullarının Azərbaycan bazarına ixracı və Azərbaycan üzərindən istər Mərkəzi Asiya, istərsə də Rusiya bazarına çıxışın təmin edilməsi reallaşacaq. Azərbaycan enerji məhsullarının isə həm Ermənistana, həmçinin də Ermənistan üzərindən Avropaya daşınması istiqamətində yeni layihələr və saziş əldə edilə bilər. Yeri gəlmişkən, Azərbaycan xoş niyyət göstəricisi olaraq Ermənistana ilk enerji məhsullarının satışını həyata keçiribdir. Ermənistan Rusiya bazarına göndərilən taxıl məhsulları Azərbaycan ərazisindən keçibdir. Və bunlar hamısı əslində müsbət və pozitiv mesajlardır və sülh sazişinin imzalanması fonunda da bu məsələlər daha da genişləndiriləcək. Sülh sazişinin əldə edilməsi Cənubi Qafqazda uzun müddətdə sülh vəziyyəti yarada bilər. Burada ən önəmli olan məsələ tərəflərin gözləntilərinin tam olaraq qarşılanmasıdır. Misal üçün, Azərbaycan indiki məqamda Ermənistanın gözləntisi konstitusiyanın dəyişdirilməsi və təbii olaraq, Ermənistanda parlament seçkilərinin keçirilməsidir. Bu proses də Ermənistan vasitəsilə tənzimlənməyə çalışılır. Yəni sülh sazişinin imzalanması üçün bütün şərtlərin yerinə yetirilməsi lazımdır. Bizim üçün tələsik və çiy bir sülh imzalanması heç bir halda məqbul deyil. O baxımdan da Azərbaycan sülh sazişinin imzalanmasına tələssə də, belə bir sülh sazişi maraqlı deyil. O baxımdan da bütün problemlərin həlli sonrası yekun sülh müqaviləsinin imzalanmasından danışa bilərik”.

 

Son olaraq şərhçi qeyd edib ki, sülh sazişinin imzalanması gənclər üçün yeni imkanlar yarada bilər:


“Ermənistanda Nikol Paşinyan Ermənistanın 200 ilə yaxındır əsas ideologiyası olan “dənizdən dənizə böyük Ermənistan” ideologiyasını yeni Ermənistan ideologiyası ilə əvəzləyib. Yeni Ermənistan ideologiyası genişlənmə və işğal deyil, mövcud torpaqları qorumaq və burada rifah səviyyəsi yüksək bir Ermənistan yaratmaq hədəfini güdür. Təbii olaraq, bu ideologiyada yetişəcək erməni nəsli, erməni gənclərinin işğal niyyətinin olmayacağına ümid edir. Azərbaycan tərəfinə baxdıqda, Azərbaycan onsuz da Ermənistanla müharibə etmək istəməyibdir. Yəni tarixə baxdıqda da Ermənistanın təcavüzlərinin şahidi olduq. Məncə, Azərbaycan cəmiyyəti və Azərbaycan sülhə daha hazırdır, nəinki Ermənistan. Əgər Paşinyan daxildə bu ideoloji boşluğu doldura bilsə və keçmiş ideoloji zəhərlənməni təmizləyə bilsə, yeni nəsillər artıq müharibə ritorikasından deyil, sülh, rifah və inkişaf ideologiyasından yetişə bilər”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər