Azərbaycan və İordaniya arasında gömrük sazişi təsdiqlənib
Azərbaycan və İordaniya arasında gömrük işi sahəsində əməkdaşlığı nəzərdə tutan saziş Milli Məclisin bugünkü iclasında müzakirə edilib.“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq olunması ilə bağlı qanun layihəsi gündəliyə daxil edilib.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılıb və bir oxunuşda qəbul edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, möhtəşəm təsirlər yaradacağını gözləmək real görünmür:
“Azərbaycan və İordaniya arasında iqtisadi əlaqələrin genişlənməsi müsbət bir addımdır. Lakin İordaniyanın həm ərəb-İslam dünyasında, həm də Yaxın Şərq coğrafiyasında strateji çəkisi o qədər də böyük deyil. Bu səbəbdən, iki ölkə arasındakı münasibətlərin region miqyasında çox böyük və möhtəşəm təsirlər yaradacağını gözləmək real görünmür.
Buna baxmayaraq, Azərbaycanın Ərəb dünyası və Yaxın Şərq ölkələri ilə əlaqələrini davamlı inkişaf etdirmək strategiyası təqdirəlayiqdir. İkitərəfli münasibətlərin qurulması müsbət hadisə olsa da, İordaniyanın kiçik bir ölkə olduğunu nəzərə alaraq, bu əməkdaşlıqdan qeyri-adi nəticələr gözləmək illüziyadan başqa bir şey deyil. Yekun olaraq, Azərbaycanın bu istiqamətdə apardığı siyasət ikitərəfli əlaqələr baxımından uğurlu hesab edilə bilər”.
Aydan Əsgərxanlı
