Azərbaycan və İsrail arasında uçuş sayı iki dəfə artırıla bilər
Azərbaycan və İsrail arasında turist axını son illərdə əhəmiyyətli dərəcədə artıb. Bu tendensiyanı nəzərə alaraq, iki ölkə hava əlaqələrini gücləndirməyi, uçuşların sayını iki dəfə artırmağı planlaşdırır. Səyahətçilərin artan tələbatı, turizm sektorunun inkişafı və iqtisadi əməkdaşlıq bu qərarın əsas səbəbləri kimi göstərilir. Bu addımın turizm, biznes və diplomatik əlaqələrə təsiri ilə bağlı sualları mütəxəssislərə yönəltdik.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib ki, turist sayının artması ilk növbədə qarşılıqlı marağın güclənməsi ilə bağlıdır:
“İsraildən Azərbaycana gələn turistlər üçün Bakı, Qəbələ, Şəki kimi şəhərlərin mədəniyyəti, mətbəxi və təhlükəsiz mühiti cəlbedicidir. Azərbaycanlı turistlər üçün isə İsrailin dini turizm, səhiyyə turizmi və yüksək xidmət standartları maraq doğurur. Bundan əlavə viza prosedurlarının sadələşdirilməsi, birbaşa uçuşların mövcudluğu, iki ölkə arasında siyasi və diplomatik münasibətlərin sabitliyi, turist axınını sürətləndirən əsas faktorlardandır. Uçuşların sayının artırılması biznes üçün zaman və xərclərin azalması deməkdir. Birgə investisiya layihələrinin daha asan koordinasiyasına şərait yaradır. Xüsusilə İsrailin innovasiya və yüksək texnologiyalar sahəsində təcrübəsi Azərbaycan üçün böyük potensial açır. Ümumilikdə, uçuş sayının iki dəfə artırılması təkcə turizm deyil, iqtisadi və humanitar əlaqələrin dərinləşməsi baxımından da strateji addım hesab edirəm”.

Banuçiçək Məmmədova
