Azərbaycan və İsrail turist axınının artması fonunda uçuşların sayını iki dəfə artırmağı planlaşdırır
Azərbaycan və İsrail arasında turist axınının sürətlə artması fonunda iki ölkə arasında hava reyslərinin sayının iki dəfə artırılması planlaşdırılır. Belə ki, İsrailin Ben-Qurion hava limanından Bakıya həftəlik uçuşların sayının 14-dən 28-ə çatdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, bildiyimiz kimi, Azərbaycan və İsrail arasında son dövrlərdə münasibətlər kifayət qədər yüksələn xətlə gedir:
"Azərbaycanla İsraili burada həm də müəyyən bağlar yaxınlaşdırır. Bildiyimiz kimi, yəhudi icması Azərbaycanda var və hər zaman onlara ölkəmiz xüsusi diqqətlə yanaşıb. Hazırda da həm bu tarixi köklərlə bağlı, həm də iqtisadi-siyasi yaxınlaşmanın fonunda, əlbəttə ki, ölkələr arasında gəliş-gediş də öz müsbət dinamikasını göstərməkdədir. Statistik olaraq biz hətta onu deyə bilərik ki, pandemiyadan əvvəl də bu artımı görürdük və hiss edirdik. 2019-cu ildə İsraildən Azərbaycana təxminən 47 min turist gəlmişdir. 2023-2024-cü illərdə isə İsraildən Azərbaycana gələnlərin sayı təxminən 29 minə yaxın olubdur. Lakin ötən il - 2025-ci ildə bu rəqəmin ciddi şəkildə artdığını gördük. Halbuki, ümumi fonda Azərbaycana gələn turistlərin sayının azalmasına baxmayaraq, İsraildən gələn turistlərin sayında əvvəlki illərlə müqayisədə 29 mindən 69 minə yüksəliş müşahidə etdik.
Ümumiyyətlə, Azərbaycanın turizm bazarı İsrail və İsrail vətəndaşları üçün maraqlıdır. Çünki buna tarixi köklər və Azərbaycanla olan bağlar da təsir edir. Daha çox Azərbaycanla əlaqəli olan, burada yaşayan, qohum-əqrəbaları olan şəxslər ziyarət məqsədilə gəlirlər. Eyni zamanda, gələnlərin özlərinin İsraildə olan ətrafları vasitəsilə tanıtımın aparılması, xüsusilə Azərbaycanın təhlükəsiz bir ərazi olması, birbaşa uçuşların mövcudluğu və hər hansı viza tələbinin olmaması da bu prosesə öz təsirini göstərir.
Bundan başqa, əsas faktorlardan biri də birbaşa uçuşlarla yanaşı, loukosterlərin fəaliyyət göstərməsidir. Çünki İsraildən Azərbaycana uçuşlar, bildiyimiz qədərilə, loukosterlər vasitəsilə həyata keçirilir və bu da gediş-dönüş qiymətlərini, xüsusən də İsrail vətəndaşları üçün, elə də bahalı etmir. Onlar bəzən qruplarla gəlirlər və bu zaman həm hotellərin qiymətləri, həm də qidalanma, restoran və s. kimi digər xidmətlər onlar üçün olduqca əlçatan hesab olunur. Bu baxımdan Azərbaycan iqtisadi cəhətdən də onlar üçün cəlbedici görünür.
Əlbəttə ki, bu tələbatın və artan tempin nəticəsidir ki, 2025-ci ildə İsraildən gələn turistlərin sayında 100 faizdən çox, dəqiq desək, 105 faiz artım olub. Məhz bu artımın nəticəsidir ki, artıq uçuşların sayının artırılması məsələsi də gündəmə gəlib. Bu onu göstərir ki, potensial daha çoxdur və İsraildən Azərbaycana gələnlərin sayı gələcəkdə də arta bilər. Sabit şərtlər daxilində bu artımın növbəti illərdə davam edəcəyi gözlənilir.
Hazırda Azərbaycana gələn turistlərin sayı təxminən 2,5 milyon təşkil edir və bu göstərici əvvəlki illərlə müqayisədə elə də yüksək deyil. Lakin gələcəkdə bu sayın artması müəyyən çağırışlar yarada bilər. Bununla belə, pandemiyadan sonrakı dövrdə Azərbaycanda müxtəlif infrastruktur işləri fasiləsiz şəkildə həyata keçirilib. Yeni otellər açılıb, regionlarda yeni yerləşmə məkanları yaradılıb. Bakının özündə də müxtəlif tədbirlərlə əlaqədar infrastruktur genişləndirilib.
Düşünürəm ki, bu artıma uyğun olaraq sənaye də cavab verir və bu gün iri tədbirlərə ev sahibliyi edən Azərbaycan öz nüfuzunu kifayət qədər düzgün şəkildə qoruyur və özünü doğru mövqeləndirə bilir. Ona görə də Prezidentin çıxışında da qeyd edildiyi kimi, orta müddətdə Azərbaycana 5-6 milyon turistin gəlməsi hədəfi kifayət qədər real görünür. Bu məqsədlə turizmin inkişafı ilə bağlı dövlət proqramı da hazırlanıb. Düşünürəm ki, bu cür artımlar sənayeni canlandıracaq və hazırda müəyyən durğunluq yaşayan turizm sektoruna yeni dinamika gətirəcək. Bu isə həm gəlirlərin bölgüsünə, həm ölkəyə valyuta axınına və s. iqtisadi faktorlara müsbət təsir göstərəcək".

Aişə Mustafayeva
