Azərbaycan və Mərakeş arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib
Yanvarın 26-da Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyi arasında siyasi məsləhətləşmələrin dördüncü raundu keçirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Azərbaycan üçün əməkdaşlıq əsasən iqtisadi və ticarət sahələrində önəmlidir, nəticə məkanından daha vacibdir:
“Siyasi məsləhətləşmələr keçirilən ölkələr arasındakı münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində addımlar atılması niyyətinin göstəricisidir. Azərbaycan-Mərakeş məsləhətləşmələrinin keçirilməsi vəziyyəti də o deməkdir ki, hər iki tərəf ölkələr arasında əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Xüsusən yeni dünya nizamının formalaşması və yeni dünyada bir deyil, bir neçə güc mərkəzinin olacağı reallığının nəzərə alınması, həmin güc mərkəzləri arasında əlaqə quran ikinci, üçüncü dünya dövlətlərinin mövqeyinin güclənməsi və ya uğursuz olanların zəiflənməsi faktorlarının gələcəkdə reallığa çevrilməsi nəzərə alındıqda, əməkdaşlıq məsələsinin nə qədər önəm kəsb etdiyini anlamaq mümkündür.
Bu nöqtədə Azərbaycan tərəfinin Mərakeşlə, Mərakeş tərəfinin Azərbaycanla münasibətlərinə hər iki ölkənin prizmasından yeni tərəfdaşlıq nümunəsi və yeni iqtisadi-siyasi dividendlər kimi yanaşmaq lazımdır. Görüşün Bakıda keçirilməsinin və ya fərqli bir şəhərdə Azərbaycanda deyil, Mərakeşin fərqli bir şəhərində keçirilməsinin, mənə elə gəlir ki, o qədər də önəmi yoxdur. Burada məsələnin mahiyyəti tamamilə danışılan mövzular, alınan qərarlar və razılaşmalardan asılıdır. Əgər nəticə yaxşıdırsa, məkanın harada olmasının fərqi yoxdur. Əgər nəticə pisdirsə, yenə də məkanın harada olmasının fərqi yoxdur. Burada önəmli olan yer yox, mövzular, razılaşmalar və nəticədir.
Düşünmək olar ki, Azərbaycan-Mərakeş əlaqələrinin məsləhətləşmələrinin sonunda müsbətə doğru yönələcəyi bir reallıq görəcəyik. Çünki yeni dünyada hərəkətə yeni tərəfdaşlar lazımdır. Xüsusən Azərbaycan kimi Şərq və Şimal-Cənub ticarətində önəmli tranzit mərkəzinə çevriləcək bir ölkə ilə Mərakeş, əlbəttə ki, ən azından dünya ticarətinə qoşulmaq məsələsində və digər ticarət sahələrində dividendlər əldə edə bilər. Eyni ilə ikili münasibətlərdə də yeniliklər, tərəflər üçün yeni imkanlar açıla bilər.
O cəhətdən Azərbaycan üçün Afrika önəmlidir. Afrika ümumiyyətlə bu gün dünya dövlətlərinin diqqət mərkəzindədir. Çünki Afrika hələ ki, bir çox mütəxəssislər tərəfindən emal olunmamış xam sərvət kimi qəbul olunur. Afrikada kifayət qədər zənginlik, təbii ehtiyatlar, verimli torpaqlar var və regionun özünəməxsus xüsusiyyətləri mövcuddur. Yəni bütün sahələrdə Afrika hazırda bir sərvət kimi dəyərləndirilir və Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin inkişaf etdirilməsi də məqsədəuyğundur.
Afrika siyasətində və Afrika iqtisadiyyatında rol oynamağımız baxımından, həm Afrika ölkələrinə qazandırmaq, həm də özümüzün qazanması baxımından yeni iqtisadi nəticələr əldə edə bilərik. Eyni zamanda Asiya marşrutunun Hindistana yaxın şəhərləri və Avropa marşrutu vasitəsilə Şimali Afrika ölkələrinin inkişafında, onların iqtisadiyyatının inkişafında özünəməxsus rol oynaya bilərik. Əgər bu reallaşarsa, bu, Azərbaycan tərəfindən həmin marşrutun əlavə olaraq fayda verəcək ölkələrlə əlaqələrin inkişaf etdirilməsi məqsədinə çatmaq deməkdir. Onlar vasitəsilə Şimali Afrika ölkələrinin inkişaf etdirilməsində, onların iqtisadiyyatının inkişaf etdirilməsində qarşılıqlı güclənmə nəzərdə tutulur. Öz iqtisadi inkişafımız da daha da irəliləyəcəkdir.
Bu məsələnin gələcəkdə hansı sahələr üzərində nəzərdə tutulacağını təsəvvür etmək olar. Azərbaycanla əməkdaşlıq çərçivəsində siyasi sahədə də müəyyən yaxınlaşmalar və işbirlikləri ola bilər, amma bu, az ehtimallıdır. Coğrafi uzaqlıq və maraqların uyğunluğu məsələsi burada özünü göstərir. Lakin iqtisadi sahədə yaxın gələcəkdə iki dövlət arasında razılaşmalar mümkündür. Təhlükəsizlik məsələsində müəyyən anlaşmalar ola bilər. Kənd təsərrüfatı, tranzit layihələri və digər iqtisadi sahələr üzrə əməkdaşlıq imkanları mövcuddur”.
Arzu Poladova
