00:00:00
Yazar
Aysel Mirzəyeva
01.05.2026 21:17 26 2 dəq oxuma
Siyasət

İsxak Hersoqun açıqlaması Mərkəzi Asiyaya geosiyasi mesajdırmı?

İsxak Hersoqun açıqlaması Mərkəzi Asiyaya geosiyasi mesajdırmı?

“İran Qırğızıstandan beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə edə bilər”. Bunu İsrail Prezidenti İsxak Hersoq deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, İsrail Prezidenti səsləndirdiyi xəbərdarlıq, ilk növbədə qabaqlayıcı siyasi mesaj kimi qiymətləndirilməlidir:


“Bu cür açıqlamalar adətən yalnız hədəf ölkəyə deyil, həm də digər ölkələrə mesaj xarakteri daşıyır. Burada məqsəd potensial riskləri öncədən gündəmə gətirməklə həmin ölkələrin davranışlarını tənzimləməkdir. Qırğızıstanın təbii ki, bu ittihamları inkar edən mövqe ortaya qoyacağı gözləniləndir. Çünki Qırğızıstan indiyə qədər də öz ərazisinin beynəlxalq sanksiyaların pozulması üçün istifadə edilmədiyini dəfələrlə vurğulayıb və qanunvericiliyə uyğun hərəkət etdiyini bildirib. Eyni zamanda, Bişkek üçün əsas prioritetlərdən biri Qərblə münasibətləri korlamamaqdır. Bu səbəbdən rəsmi dairələr həm şəffaflıq çağırışları edə, həm də texniki əməkdaşlığa açıq olduqlarını göstərə bilərlər. Bununla yanaşı, Qırğızıstan Rusiyadan və qismən Çindən iqtisadi asılılığını da nəzərə alaraq çox sərt ritorikadan qaçmağa çalışacaq. Yəni cavabın həm müdafiə xarakterli, həm də neytral tonlu olacağını proqnozlaşdırmaq olar”.


Həmçinin şərhçi qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin ümumi mövqeyinə baxdıqda aydın olur ki, onlar Qərb sanksiyalarına formal olaraq qoşulmasalar da, onları tam şəkildə də görməzdən gəlmirlər:


“Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kimi ölkələr iqtisadi maraqlarını qorumaq üçün ‘selektiv uyğunlaşma’ siyasəti yürüdürlər. Yəni onlar açıq şəkildə sanksiyaları dəstəkləmir, lakin Qərb maliyyə sisteminə çıxışlarını riskə atmamaq üçün müəyyən məhdudiyyətlər tətbiq edirlər. Xüsusilə bank sektoru və ixrac nəzarəti sahəsində bu özünü göstərir. Bu yanaşma həm Qərblə iqtisadi əlaqələri qorumağa, həm də Qərbin sanksiyası altına düşən ölkələrlə münasibətləri pozmamağa xidmət edir. Region ölkələrinin balans siyasəti isə çoxqatlı və praqmatik xarakter daşıyır. Bir tərəfdən onlar təhlükəsizlik baxımından Rusiya, Çin, İran kimi ölkələrlə əməkdaşlığı davam etdirir, digər tərəfdən isə Qərblə texnologiya, enerji və maliyyə sahələrində əməkdaşlığı genişləndirməyə çalışırlar. Bu, faktiki olaraq çoxvektorlu siyasət yanaşmasıdır və Mərkəzi Asiya ölkələrinin xarici siyasətinin əsasını təşkil edir. Bu modelin məqsədi böyük güclər arasında seçim etmək deyil, əksinə onların hər biri ilə münasibətlərdən maksimum fayda əldə etməkdir. Son olaraq bir daha qeyd edim ki, İsrail prezidentinin açıqlaması təkcə Qırğızıstana yönəlmiş ittiham deyil, daha geniş geosiyasi siqnal kimi oxunmalıdır. Bu siqnal Mərkəzi Asiya ölkələrinə xatırladır ki, onların balans siyasəti beynəlxalq diqqət altındadır və hər hansı potensial ‘boşluq’ böyük güclər tərəfindən dərhal siyasi təzyiq alətinə çevrilə bilər. Bu isə region ölkələrini daha ehtiyatlı, daha şəffaf və eyni zamanda daha çevik diplomatiya yürütməyə məcbur edir”.


Aytac İbrahimova

#yeni #mərkəzi #mesajdırmı? #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər