Tramp administrasiyası viza qaydalarını sərtləşdirirmi?
ABŞ vizası üçün müraciət edənlər öz ölkələrində təqiblərlə üzləşmədiklərini sübut etməli olacaqlar, çünki Prezident Donald Trump administrasiyası potensial sığınacaq axtaranların ölkəyə girişini daha da məhdudlaşdırmağa çalışır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, seçkiöncəsi kampaniya zamanı Tramp dəfələrlə miqrasiya sahəsində qaydaların dəyişəcəyini və xüsusilə kütləvi miqrasiya axınlarının qarşısını ala biləcək zəruri tədbirlərin görülməsi barədə fikirlər səsləndirib:
“Sonrakı mərhələdə də biz artıq imiqrasiyadan sonra gördük ki, Tramp administrasiyası bu istiqamətdə müəyyən addımlar atır. Xüsusilə də, qanunsuz miqrasiya ilə mübarizə kontekstində müəyyən tədbirlərin həyata keçirildiyini müşahidə etdik. Hətta bəzi ştatlarda daha sərt tədbirlər həyata keçirilməyə başlanıb. İndi isə görünən odur ki, Donald Tramp qaydaların tətbiq olunmasına dair qərarın verilməsi ilə bağlı göstəriş verib. Məsələ bundadır ki, Amerika Birləşmiş Ştatlarının xarici ölkələrdə fəaliyyət göstərən konsulluq xidmətlərinə bununla bağlı zəruri tapşırıqlar verilir. Tapşırıqların mahiyyəti ondan ibarətdir ki, şəxs qeyri-immiqrasiya vizası alması üçün, yəni iş vizası, təhsil vizası və digər qeyri-immiqrasiya vizaları üçün müraciət etdikdə, konsulluq xidməti müsahibə zamanı ondan soruşur ki, həmin şəxs öz ölkəsində hansısa formada təqiblərə məruz qalıbmı və ya sərt davranışlarla üz-üzə qalıbmı. Əgər bu kimi suallara cavab müsbət olarsa, bu artıq həmin şəxsə vizanın verilməsindən imtina qərarının qəbul edilməsinə səbəb ola bilər”.
Həmçinin şərhçi qeyd edib ki, bu yanaşma Tramp administrasiyasının məsələ ilə bağlı daha sərt mexanizmləri işə saldığını göstərir:
“Bu mexanizmlərin mahiyyəti ondan ibarətdir ki, öz ölkəsində problemlərlə üzləşən şəxslər artıq Amerika cəmiyyəti üçün riskli kateqoriya kimi qiymətləndirilə bilər. Bu, iş vizası, təhsil vizası və digər qeyri-immiqrasiya vizaları üçün müraciət edən bütün şəxslərə şamil oluna bilər. Kimsə bu məlumatları gizlətməyə çalışsa belə, bəlli məsələdir ki, Amerika Birləşmiş Ştatlarının konsulluq xidmətlərinin müxtəlif alətləri və resursları var və müxtəlif kanallar vasitəsilə verilən cavabların həqiqətə uyğun olub-olmadığını araşdıra bilərlər. Digər tərəfdən, şəxs viza alıb ABŞ-yə getdikdən sonra hansısa mövqeyinə və baxışlarına görə təqib olunduğunu əsas gətirərək sığınacaq üçün müraciət edərsə, bu zaman onun konsulluğa verdiyi müsahibə yenidən araşdırılır. Nəticədə şəxs viza dələduzluğu ittihamı ilə üzləşə, vizası ləğv edilə və deportasiya oluna bilər. Yəni burada kifayət qədər işlək bir mexanizmin qurulduğunu görürük. Bu da göstərir ki, Amerika Birləşmiş Ştatlarına səfər edəcək şəxslərlə bağlı artıq yeni yanaşma formalaşır və böyük ehtimalla növbəti mərhələdə daha yeni qaydaların tətbiqinə şahid ola bilərik”.
Aytac İbrahimova