Azərbaycan və Serbiya arasında çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
Bakı şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası Xarici İşlər nazirlikləri arasında çoxtərəfli siyasi məsləhətləşmələr baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Serbiya tərəfini isə dövlət katibi Nevena Yovanoviç təmsil edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Azərbaycan və Serbiya münasibətləri regional balans baxımından əhəmiyyəti ondan ibarətdir ki, hər iki dövlət öz regionunda yüksələn siyasi xəttə malikdir, o cümlədən də, strateji coğrafiyalarda yerləşirlər:
"Bu mənada müxtəlif maraqlarla uzlaşmağa ciddi ehtiyac var. Ən azından bilməliyik ki, regional geosiyasi baxımdan da Serbiya Avropada yerləşir, Azərbaycanın bir çox layihələri bu istiqamətdə reallaşdırılır.
Təbii ki, Azərbaycanla Serbiya hərbi sahədə geniş əlaqələrə malikdir. Bu, məncə, Azərbaycan hərbi məmulatlarının istehsalı, quruculuğu, təminatı və təchizatı məsələlərində önəmli rola malikdir. Əlbəttə ki, Beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycanın mövqelərini daim dəstəkləyən bir Serbiya var. Amma, əlbəttə, Azərbaycan komunikasiya ölkəsidir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. O cümlədən, Serbiyada Azərbaycan enerji məhsullarının ixracı reallaşdırıldıqca, bu proseslərdə iki dövlət arasında təhlükəsizlik aspektində münasibətlər daha geniş sahələrə irəliləyir".
Aişə Mustafayeva
