Azərbaycan XİN-də Slovakiya ilə ikitərəfli əməkdaşlığın inkişafı müzakirə edilib
Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin yeni direktoru Məmməd Talıbov ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Tənzilə Rüstəmxanlı "İnformator.az"a açıqlamasında bildirib ki, iki dövlət birgə hərbi təyinatlı silahların istehsal olunması barədə işlər aparacaq:
"Azərbaycan Avropanın bir sıra dövlətləri ilə yanaşı, Slovakiyanın da enerji təhlükəsizliyinə böyük töhfə verir. Artıq bir ildir ki, Azərbaycan qazı Slovakiyaya nəql olunur. Ölkəmiz Slovakiyanı ehtiyac olduğu həcmdə enerji ilə təmin etmək potensialına malikdir. Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi də keçirilən görüşlərin əsas mövzularından biri idi. İki dövlət birgə hərbi təyinatlı silahların istehsal olunması barədə işlər aparacaq. Slovakiya NATO-ya üzv dövlət olaraq silah istehsalı sahəsində böyük təcrübəyə malikdir. Ölkəmizdə də hərbi sənayenin inkişafı istiqamətində böyük işlər aparılır. Slovakiya ilə əlaqələr isə Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər".
Xədicə Məhərrəmli
