Azərbaycana Aİ-95 benzinin idxalında kəskin artım
1 dekabr 2025 - 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan Aİ-95 markalı avtomobil benzininin həcmi 105,308.9 ton təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 88.8% artım deməkdir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a bildirib ki, idxaldakı artımın başlıca səbəbi 2024-cü ilin iyul ayında benzinin qiymətlərində aparılan dəyişikliklərdir. Həmin dəyişikliklər bazarda istehlak davranışını nəzərəçarpacaq dərəcədə dəyişib:
“2024-cü il iyulun 1-də Aİ-92 benzininin qiyməti 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb, Aİ-95-in qiyməti isə 2 manatdan 1 manat 60 qəpiyə endirilib. Əvvəllər iki markanın qiyməti arasında 1 manat fərq var idi, dəyişiklikdən sonra bu fərq cəmi 50 qəpiyə düşüb. Qiymət fərqinin azalması sürücülərin seçimində aydın dəyişiklik yaradıb. Fərq azaldığı üçün vətəndaşlar daha keyfiyyətli olan Aİ-95 benzininə üstünlük verməyə başlayıb. Bu isə nəticə etibarilə idxalın artmasına gətirib çıxarıb”.
Xalid Kərimli əlavə edib ki, idxaldakı artım qiymətlərə təzyiq göstərmir, çünki beynəlxalq bazardakı tendensiyalar qiymət sabitliyini qoruyur:
“Aİ-95-in qiymətinə təsir edəcək ciddi amil yoxdur. Dünya bazarında neftin qiyməti aşağı düşüb: qiymət müəyyənləşdiriləndə neftin bareli 85 dollar idi, hazırda isə təxminən 65 dollar civarındadır. Həm qiymət siyasəti, həm də dünya bazarındakı ucuzlaşma fonunda Aİ-95-ə tələbin artması bir müddət də davam edə bilər”.
Fatimə Hüseynli
