00:00:00
Yazar
Admin User
04.01.2026 15:56 78 2 dəq oxuma
Sosial

Azərbaycanda Aİ-92 benzini və dizel yanacağı bahalaşıb

Azərbaycanda Aİ-92 benzini və dizel yanacağı bahalaşıb

Azərbaycanda avtomobil yanacaqlarının - Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti artıb. Bununla bağlı qərarı Tarif Şurası 30 dekabr tarixində qəbul edib.

 

Mövzu ilə bağlı sürücü Azər Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, avtomobildən əsasən işə gedib-gəlmək üçün istifadə edirəm:

 

"Benzinin bahalaşması ilk baxışda ciddi görünməsə də, ayın sonunda xərclərdə artım aydın hiss olunur. Yanacağa əvvəlkindən daha çox pul gedir. Əvvəl bəzi xərclərə çox fikir vermirdim, indi isə artıq gündəlik xərclərimə daha çox diqqət ayırıram. Maşından istifadə edərkən harada və nə qədər xərc çıxdığını hesablayıram”.

 

Nihad Məhərrəmov isə bildirib ki, bahalaşma gündəlik həyat ritmimə müəyyən təsir göstərsə də, tam ciddi dəyişiklik yaratmayıb. Qiymət artımı daha çox planlaşdırmanı ön plana çıxarıb:

 

“Qiymət artımını hiss edirəm, amma bu, həyat tərzimi köklü şəkildə dəyişməyib. Sadəcə, indi xərcləri daha planlı edirəm. Haraya maşınla getməyin vacib olduğunu, harada alternativdən istifadə etməyin mümkün olduğunu əvvəlcədən düşünürəm".

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, qiymət artımı qeyri-populist, lakin geniş təsir dairəsi olan qərardır. Vətəndaşların böyük əksəriyyəti Aİ-92 markalı benzindən istifadə etdiyi üçün artım birbaşa onların xərclərinə təsir edəcək:

 

“Hamı narazıdır, çünki cibindən əlavə pul çıxacaq. Vətəndaşların təxminən 90 faizi Aİ-92 benzinindən istifadə edir. Benzinin litri əvvəl 1 manat 10 qəpik idi, indi isə 1 manat 15 qəpik olub. Bu da aylıq benzin xərclərinin təxminən 4,6 faiz artması deməkdir. Dizel yanacağının bahalaşması birbaşa daşıma xərclərinin artmasına gətirib çıxaracaq. Bu artım təkcə maşını olanlara yox, maşını olmayanlara da təsir edəcək, çünki daşınma xərci bütün məhsul və xidmətlərin qiymətinə yansıyır”.

 

İqtisadçının fikrincə, dizel yanacağının bahalaşması xüsusilə, iki əsas sektorda daha çox hiss olunacaq:

 

“Ən çox təsir kənd təsərrüfatı məhsullarında olacaq. Çünki həm istehsalda, həm də daşınmada dizel yanacağından istifadə edilir. Yetişdirmə xərcləri, texnika və daşınma bahalaşacaq. Eyni zamanda tikinti materialları sektoru da ciddi təsir altına düşəcək - daşınma xərclərinin artması son qiymətlərə müəyyən müddətdən sonra mütləq təsir göstərəcək. Dizel yanacağının qiymət artımı ümumilikdə inflyasiyaya təkan verən amillərdən biridir. Dizelin bahalaşması bütün sektorlar üzrə xərclərin artmasına səbəb olur və bu, qiymət artımlarını qaçılmaz edir”.

 

Qeyd edək ki, yanacaq qiymətlərindəki dəyişikliklər artıq qüvvəyə minib və bazarda təsirlərin mərhələli şəkildə hiss olunacağı gözlənilir.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər