Azərbaycanda dabaq xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilir
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ölkə ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında dabaq və qarayara xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərini davam etdirir. Nazirliyin məlumatına görə, peyvəndləmə beynəlxalq tələblərə uyğun aparılır və hazırda epizootik vəziyyət sabitdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında səhiyyə eksperti Rasif Bağırov bildirib ki, dabaq xəstəliyi adətən ağır və dərin fəsadlara səbəb olmur:
"İnsanlarda bəzən dəridə xırda suluqların əmələ gəlməsinə səbəb ola bilər və bu hallar 7-10 gün ərzində keçib gedir. Ümumiyyətlə, ciddi və ağır narahatlıq yaratmır. Xəstəlik heyvanlardan insanlara keçə bilir. Əgər yoluxmuş heyvanın əti tam bişirilməzsə və ya südü qaynadılmadan istifadə olunarsa, təbii ki, xoşagəlməz hallar baş verə bilər.
Lakin qarayara xəstəliyi son dərəcə ağırdır. Qarayaranın bir neçə forması mövcuddur: bağırsaq, dəri və ağciyər variantları. Xüsusilə ən çox rast gəlinən dəri formasıdır ki, bu zaman yaralar çox gec sağalır. Eyni zamanda yoluxuculuq qabiliyyəti çox yüksəkdir və xəstəyə qulluq edən tibb işçiləri belə yoluxa bilirlər.
Ən təhlükəli hal bağırsaq formasında müşahidə olunur ki, bu zaman güclü bağırsaq qanaxmaları baş verir. Ağciyər forması zamanı isə qanlı qusmalar müşahidə oluna bilər. İri damarların zədələnməsi bir çox hallarda xəstələrdə ölümə səbəb olur.
Bu baxımdan heyvanlarda peyvəndlərin aparılması son dərəcə müsbət haldır. Peyvəndləmə həyata keçirilməlidir ki, insanlar heyvanların ətindən və südündən təhlükəsiz şəkildə istifadə edə bilsinlər. Eyni zamanda dezinfeksiya tədbirləri də peyvəndləmə prosesinin ayrılmaz hissəsidir. Ümumiyyətlə, insanlar heyvanlarla təmasda olduqda qoruyucu əlcəklərdən istifadə etməli və müvafiq qoruyucu tədbirlər görməlidirlər ki, ilk növbədə heyvanlara baxan şəxslərin sağlamlığı qorunsun".
Reyhan Quliyeva
