Azərbaycanda gənclərin iş tapmaq mübarizəsi
Azərbaycanda gənclərin iş tapmaq problemi son illər daha da artıb. Universitet məzunları əmək bazarında uyğun vakansiyaların azlığı və işəgötürənlərin təcrübə tələbi ilə qarşılaşırlar. Lakin təcrübə qazanmaq üçün imkanların olmaması vəziyyəti daha da çətinləşdirir.
Mövzu ilə bağlı “İnformator.az” saytı həm sosioloq, həm də gənclərdən fikirlərini öyrənib.
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Aydan Hacıyeva diplomu almağın asan, lakin iş tapmaq çox çətin olduğunu bildirib:
“Vakansiyalar ya çox azdır, ya da hamısı təcrübə tələb edir. Təcrübəni harada qazanmalı olduğumuzu isə heç kim demir. Aylarla müraciət edirik, cavab belə gəlmir. Axırda da məcbur qalıb ixtisasımızdan tam fərqli sahələrdə işləyirik. Bu həm motivasiyanı öldürür, həm də insanın gördüyü təhsilin dəyərini azaltmış kimi hiss etdirir”.
4-cü kurs tələbəsi Mədinə Əliyeva isə gənclərin iş tapması üçün dövlətin müəyyən addımlar atdığını bildirib:
“Məsələn, “DOST” mərkəzləri, gənclər üçün təlim proqramları, startap dəstəyi və s. Amma reallığa baxanda bunlar hələ də kifayət deyil, çünki proqramlar çox vaxt kağız üzərində yaxşı görünür, amma praktik tətbiq zəif olur. Həm də bu proqramlar bütün gənclərə çatmır. Daha sistemli və real nəticə verən layihələrə ehtiyac var".
Məsələnin həlli ilə bağlı sosioloq Elçin Bayramlı dövlətin ya bu sistemi planlı şəkildə özü qurmalı olduğunu, ya da bazarda sağlam rəqabət və müstəqil tənzimləmə üçün şərait yaratmalı olduğunu bildirib:
“Hər iki modelin dünyada uğurlu nümunələri mövcuddur. Azərbaycanda isə bu sistemlərin heç biri tam şəkildə qurulmayıb. Əgər bu problemlər düzgün şəkildə həll olunarsa, ölkədə işsizlik azalacaq, gənclər xaricə üz tutmaq əvəzinə, ölkədə öz potensiallarını reallaşdıra biləcəklər. Bu həm iqtisadi fəallığın artmasına, həm də cəmiyyətin rifahına ciddi təsir göstərəcək. İndi isə bu məsələlərin həlli üçün real və effektiv dövlət proqramları tələb olunur. Bu çətin olsa da, mümkündür. Yalnız iradə və düzgün yanaşma lazımdır”.
Aytac İbrahimova
