Azərbaycanda heyvanların sığortalanması 2 dəfədən çox artıb
2025-ci ildə Azərbaycanda 6 935 baş iri və xırda buynuzlu heyvan sığorta edilib. Bu, 2024-cü illə müqayisədə 2,1 dəfə çoxdur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, aqrar sığorta mexanizminin uğurla tətbiqi fermerlərin bu mexanizmə marağını artırır:
"Bu səbəbdən, bu mexanizmin tətbiq olunduğu illər ərzində bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də təsərrüfatdakı heyvanları sığortalayan fermerlərin sayı artmaqdadır. Bu prosesdə dövlət dəstəyi, yəni sığorta məbləğinin 50 faizinin dövlət tərəfindən ödənilməsi əsas təşviq vasitələrindən biri sayıla bilər. Aparılan təhlillər göstərir ki, hazırda heyvandarlıqla məşğul olan fermerlər üçün ən böyük təsərrüfat riskləri heyvanların yoluxucu xəstəliklərə yoluxması və zəhərlənmə hallarıdır. Dövlət aqrar sığorta mexanizmini tətbiq etməklə bu risklərdən qaynaqlanan zərəri qarşılayan olur".
Aişə Mustafayeva
