Azərbaycanda İT sahəsinin inkişaf səviyyəsi
Son illərdə Azərbaycanda İnformasiya Texnologiyaları (İT) sahəsi sürətlə inkişaf edən prioritet istiqamətlərdən birinə çevrilib. Rəqəmsallaşma, elektron xidmətlərin genişlənməsi və dövlətin bu sahəyə göstərdiyi dəstək İT sektorunun böyüməsinə ciddi təkan verir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında İT mütəxəssisi Elvin Həsənov bildirib ki, Azərbaycanda IT sahəsinin inkişafı artıq kağız üzərində yox, real həyatda hiss olunan mərhələyə çatıb:
"Son illərdə dövlət xidmətlərinin onlayn mühitə keçməsi, elektron sənəd dövriyyəsi, rəqəmsal ödənişlər və müxtəlif platformaların istifadəsi onu göstərir ki, İT sahəsi ümumi mənzərədə qənaətbəxş səviyyəyə çatıb. Amma səmimi desəm, bu inkişaf hər yerdə eyni templə getmir. Yəni bəzi qurumlar və sahələr artıq rəqəmsal düşünür, bəziləri isə hələ də köhnə iş üsullarından tam ayrıla bilməyib. Ümumilikdə dövlətin İT sahəsinə verdiyi dəstəyi müsbət qiymətləndirmək olar. Elektron hökumət həlləri, ASAN xidmət modeli, rəqəmsal imza, məlumat sistemlərinin qurulması və son illər kibertəhlükəsizlik istiqamətində atılan addımlar bu dəstəyin real nəticələridir. Dövlət artıq texnologiyanı əlavə xərclər kimi yox, strateji investisiya kimi görür. Amma İT -də əsas məsələ təkcə sistemi qurmaq deyil, onu daim yeniləmək, təhlükəsiz saxlamaq və istifadəçi üçün doğrudan da rahat etməkdir. Bu tərəf hələ də diqqət tələb edir. İT sahəsinin daha güclü inkişafı üçün əsas faktor isə insan faktorudur. Yaxşı avadanlıq almaq mümkündür, amma peşəkar kadr yetişdirmək vaxt və sistemli yanaşma tələb edir. Təhsil ilə real iş mühiti arasında boşluq azaldılmalı, gənclərə daha çox praktiki bilik verilməli, dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda regionlarda İT savadlılığının artırılması, kiçik bizneslərin rəqəmsallaşmaya təşviqi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması vacibdir".
Gövhər Mehyəddinova
