Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 24 faizə yaxın artıb
Azərbaycanda əmlak sığortası üzrə ödənişlər son dövrdə təxminən 24 faiz artıb. Bu artım sığorta sektorunda aktivliyin yüksəldiyini, eyni zamanda vətəndaşların və biznes subyektlərinin sığorta mexanizmlərinə marağının gücləndiyini göstərir.
Mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert üzvü Emil Ağabağırov “İnformator.az”a açıqlamasında bildirib ki, əmlak sığortası üzrə ödənişlərin artması bir neçə mühüm amillə bağlıdır və bu proses sığorta bazarının inkişafı baxımından müsbət tendensiya kimi qiymətləndirilə bilər:
“Ümumiyyətlə, əmlak sığortası üzrə ödənişlərin artması sığorta hadisələrinin sayının çoxalması ilə əlaqədardır. Bu bir tərəfdən risklərin real olduğunu göstərir, digər tərəfdən isə vətəndaşların sığortaya olan inamını artırır. Çünki sığorta hadisəsi baş verdikdə ödənişlərin vaxtında və tam şəkildə həyata keçirilməsi sığorta şirkətlərinin xidmət keyfiyyətinin göstəricisidir. Ödənişlərin artması sığorta şirkətləri üçün müəyyən risklər yaratsa da, əmlak sığortası avtomobil icbari sığortası ilə müqayisədə daha balanslı sahə hesab olunur. Hər bir sığorta hadisəsinin artması sığorta şirkətləri üçün zərərliliyin yüksəlməsi deməkdir. Lakin bu, avtomobil icbari sığortasında olduğu qədər kəskin deyil. Əmlak sığortası bazarında risklər daha düzgün bölüşdürülür və zərərlilik səviyyəsi nisbətən aşağıdır. Bu baxımdan, artan ödənişlər sığorta şirkətlərinin maliyyə dayanıqlığı üçün ciddi təhlükə yaratmır. Əmlak sığortası üzrə ödənişlərin artması uzunmüddətli perspektivdə sığorta sektorunun ümumi inkişafına xidmət edir. Bu proses sığorta penetrasiyasının artmasına səbəb olur. Yəni sığorta xidmətlərinin iqtisadiyyatda payı genişlənir. Sığorta maliyyə sektorunun vacib tərkib hissəsidir və bu sahədə inkişaf ümumi iqtisadi sabitliyə də müsbət təsir göstərir. İnsanlar artıq sığortanın əhəmiyyətini daha yaxşı anlayırlar və onu sadəcə formal öhdəlik kimi deyil, real maliyyə qorunma aləti kimi qəbul edirlər”.
Ekspert vurğulayıb ki, son dövrlər yanğın, partlayış və digər risk hadisələrinin artması da əmlak sığortasına marağı gücləndirən əsas amillərdəndir:
“Bu da vətəndaşları və sahibkarları öz əmlaklarını sığortalamağa təşviq edir. Əmlakını sığortalayan şəxslər isə hadisə baş verdikdə ödəniş aldıqları üçün bu xidmətlərdən narazı qalmırlar. Əksinə, bu, sığortaya olan etimadı daha da möhkəmləndirir. Əmlak sığortası bazarındakı artım ümumilikdə maliyyə sektorunda şəffaflığın və risklərin idarə olunmasının güclənməsinə gətirib çıxarır. Sığorta ödənişlərinin artması göstərir ki, bazar işləyir və mexanizmlər real nəticə verir. Bu isə həm sığorta şirkətləri, həm də sığortalılar üçün daha sağlam və etibarlı maliyyə mühiti formalaşdırır”.
Ayşə Müzəfərli
