00:00:00
Yazar
Admin User
06.02.2026 18:04 41 3 dəq oxuma
Sosial

Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır

Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır

Son illərdə Azərbaycanda qadınlar cəmiyyətdə daha fəal rol almağa başlayıb və indiyədək əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdə də təmsil olunurlar. Bu sahələrdən biri də nəqliyyat sektorudur.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Bulud Bağırov bildirib ki, son illərdə Azərbaycanda qadınların nəqliyyat sektorunda fəallığının artması cəmiyyətdə gedən sosial və iqtisadi dəyişikliklərin mühüm göstəricisidir:

 

"Bu tendensiya, ilk növbədə, dövlətin gender bərabərliyinin təşviqi və qadınların peşə yönümlü təhsil imkanlarının genişləndirilməsi istiqamətində apardığı siyasətin nəticəsidir. Qadınların texniki və mühəndislik ixtisaslarına marağının artması, nəqliyyat və logistika sahələrində xüsusi təlimlərin təşkil olunması onların bu sektorda daha çox təmsil olunmasına şərait yaradıb.

 

Eyni zamanda, texnologiyaların inkişafı və avtomatlaşdırma prosesi nəqliyyat sahəsində fiziki gücün rolunu azaldıb ki, bu da qadınların iş şəraitinə uyğunlaşmasını asanlaşdırıb. Cəmiyyətin düşüncə tərzində gedən müsbət dəyişikliklər nəticəsində qadınların sükan arxasında, lokomotiv və ya təyyarə idarə etməsi kimi nümunələr artıq təəccüb doğurmur, əksinə, qürur hissi yaradır.

 

Gender balansının daha səmərəli təmin olunması üçün bu sahədə ixtisasartırma və mentorluq proqramlarının, eləcə də texniki peşə təhsili üzrə qadınlara yönəlik kursların genişləndirilməsi vacibdir. Nəqliyyat müəssisələrində gender bərabərliyi siyasətinin sistemli şəkildə tətbiqi də mühüm əhəmiyyət daşıyır.

 

Qadınların pilot, maşinist, sürücü və dənizçi kimi peşələrdə çalışması cəmiyyətdə formalaşmış stereotipləri sındırır və gələcək nəsillərə güclü mesaj verir: peşənin cinsi yoxdur, istedad, bilik və məsuliyyət hər kəs üçün bərabər dəyərə malikdir. Bu həm sosial ədalətin, həm də iqtisadi inkişafın mühüm tərkib hissəsidir.

 

Son illərdə dünyada "gender bərabərliyi" anlayışı geniş yayılıb, lakin onun mahiyyəti bəzən yanlış başa düşülür. Azərbaycanda isə bu məfhumun tətbiqi milli mentalitet və adət-ənənələrimizə uyğun şəkildə olmalıdır.

 

Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, gender bərabərliyi kişinin uşaq dünyaya gətirməsi və ya bioloji fərqlərin ləğvi demək deyil. Bu anlayış yalnız kişilərin və qadınların imkan və hüquqlar baxımından eyni dəyərə malik olması prinsipini vurğulayır. Bioloji və sosial rollar fərqli olsa da, hər iki tərəfin hörməti və məsuliyyəti bərabər qiymətləndirilməlidir.

 

Azərbaycan ailə modelində kişi ailənin dayağı, qadın isə eyni zamanda evin və uşağın qoruyucusu rolundadır. Bu rollar qarşılıqlı tamamlayıcıdır və heç biri digərini əvəz etmir. Qadın ictimai sahədə fəal olsa da, kişilər həm ailənin təminatçısı, həm də uşağın qayğısına dəstək verən şəxs kimi məsuliyyətlərini yerinə yetirməlidirlər. Burada məqsəd kişini alçaltmaq və ya qadını üstün göstərmək deyil, ailədə və cəmiyyətdə balanslı, hörmətə əsaslanan əmək bölgüsü yaratmaqdır.

 

Ölkəmizdə gender yanaşması Avropa modellərində olduğu kimi sərt formalarda deyil, milli dəyərlərə hörmət və ailə ənənələrinə uyğun şəkildə formalaşmalıdır. Belə yanaşma həm qadınların ictimai fəallığını təşviq edir, həm də kişilərin ailə və iş həyatında məsuliyyətlərini qoruyur.

 

Nəticə olaraq, gender anlayışı Azərbaycanda ədalət və hörmət prinsipi kimi qəbul edilməlidir: kişilər və qadınlar fərqli rollara malik olsalar da, hər ikisi cəmiyyət və ailə üçün eyni dəyər daşıyır. Bu, həm milli-mənəvi köklərə hörmətin, həm də müasir cəmiyyətin tələblərinə uyğun balanslı yanaşmadır".

 

Mövzu ilə bağlı Duyğu Mustafayeva bildirib ki, qadınların pilot, maşinist, sürücü və ya dənizçi kimi peşələrdə çalışması cəmiyyətdə qadınlara baxışı müsbət yöndə ciddi şəkildə dəyişir:

 

"Bu, göstərir ki, qadınlar da məsuliyyət tələb edən, çətin və texniki sahələrdə ən az kişilər qədər bacarıqlı ola bilirlər. Belə nümunələr stereotipləri qırır, qadının imkanlarının yalnız müəyyən sahələrlə məhdudlaşmadığını sübut edir. Gələcək nəsillər üçün isə bu, çox güclü bir mesajdır: qız uşaqları öz arzularını peşə seçimi zamanı cinsiyyətlərinə görə deyil, bacarıq və istəklərinə görə müəyyənləşdirə bilərlər. Bu həm də oğlan uşaqlarında gender bərabərliyi anlayışının formalaşmasına müsbət təsir göstərir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər