Azərbaycanda son zamanlar yayılan xəstəlik nədir?
Son aylarda Azərbaycanda virus və bağırsaq infeksiyalarının artması ilə bağlı müraciətlərin çoxalması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə payız-qış mövsümündə kəskin respirator infeksiyaların yayılması, qrip hallarının artması və bəzi xəstələrdə ağır klinik gediş müşahidə olunması insanları “yeni virus təhlükəsi var?” sualı ilə üz-üzə qoyur. Mövcud virusların əvvəlkilərlə müqayisədə daha təhlükəli olub-olmaması, mutasiya ehtimalları və yaxın aylarda epidemioloji vəziyyətin necə inkişaf edəcəyi ən çox müzakirə edilən mövzulardandır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, virus infeksiyalarının ilk əlamətləri hansılardır və hansı hallarda mütləq həkimə müraciət edilməlidir. Qripin və digər kəskin respirator infeksiyalar üçün fəsillilik xarakterikdir:
“Payız-qış aylarında hər il bu infeksiyaların artımı müşahidə edilir. Viruslara yoluxmanın artmasına mövsümi faktorlardan havanın temperaturunun azalması, quru hava şəraiti, insan immunitetinin təbii zəifləməsi, gün işığının və D vitamini sintezinin azalması, qida ilə vitaminlərin daha da az daxil olması və s. səbəb olur. Hazırda daha çox rast gəlinən fəsli A qrip infeksiyasıdır. Bu infeksiyanın fevral ayı daxil olmaqla yayılmasının pik həddini yaşayırıq, üzü yaza doğru adətən qripə yoluxma hallarının sayının azalacağı proqnozlaşdırılır. Bundan başqa, müxtəlif digər kəskin respirator virus infeksiyaları da eyni klinik mənzərəni göstərir. Hazırda daha çox müşahidə edilən A qripinin əvvəlki illərdə rast gəlinən qrip viruslarının törətdiyi xəstəlikdən daha ağır olmasının sübutu yoxdur. Lakin qrip infeksiyası adətən risk qrupuna daxil olan insanlarda daha ağır və fəsadlı keçə bilir. Uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar qeyd edilən qripin ağır gedişinin risk qrupuna daxildir və qrip virus infeksiyası digər kəskin respirator virus infeksiyaları ilə müqayisədə, xüsusən də risk qruplarında gedişinə görə daha təhlükəlidir. Qrip viruslarının daim mutasiyaya uğraması təbii prosesdir. Bunun nəticəsində onlar qazanılan immunitetdən müəyyən qədər yayına bilirlər. Lakin bu mutasiyalar köklü mutasiyalar deyil, yeni ştamın əmələ gəlməsinə səbəb olmur. Adətən qış aylarında bir sıra viruslar mədə-bağırsaq əlamətləri ilə seyr edir. Bunlara uşaqlarda qrip infeksiyası, adenovirus infeksiyası, həmçinin rotaviruslar və s. aid edilə bilər. Bütün bu infeksiyalarda risk qrupuna daxil olan insanlar dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin 3 gündən sonra davam etməsi normal immunitetə malik olan şəxslərin həkimə müraciət etməsi üçün bir siqnaldır. Rotavirus infeksiyasına tutulan uşaqlar dərhal həkim məsləhəti almalıdırlar”.
Ədilə Hüseynzadə
