Azərbaycanda sərnişin daşınması hər il artır
Dövlət Statistika Komitəsinin təqdim etdiyi statistikaya əsasən ölkə üzrə 2021-ci ildə minimum sərnişin daşınmasının cəmi 1 milyon 214 min 153 nəfər olub. Ötən il bu rəqəm 406 min 976 nəfər artaraq 1 milyon 621 min 129 nəfərə çatıb.
Həmçinin 2022-ci ildə avtobusla daşınan minimum sərnişin sayını 1 milyon 321 min 207 nəfər təşkil edirdisə, bu göstərici metro ilə daşımada daha aşağı - 208 min 696 olub. Yəni sərnişinlər metrodan da çox avtobuslara üstünlük veriblər.
Hər iki halda Bakı və ətraf kənd, qəsəbə, rayonlarda istər metroda, istərsə də avtobuslarda sıxlıq, nəqliyyatda isə tıxac yaranır.
Şəhər sakinləri arasında keçirdiyimiz sorğunun nəticəsinə görə, hər 10 vətəndaşdan 8-i ictimai nəqliyyatdakı mövcud olan sıxlıq və tıxacdan şikayətçidir.
Xüsusilə də günün pik saatlarında “Elmlər Akademiyası”, “20 Yanvar”, “Neftçilər”, “Koroğlu” və digər metrostansiyalarda sərnişin sıxlığı yüksək həddə müşahidə olunur ki, bunun da bir neçə səbəbləri var:
Araşdırmalar göstərir ki, metrostansiyalarda platformalara keçid edərkən sərnişinlərin bağlamalarını yoxlamaq üçün istifadə olunan “RapiScan” aparatının önündə uzun növbə yaranır. Tələbələrin, iş yerlərinin daha çox olduğu ərazilərdə yavaş işləyən aparat nəticəsində sıxlığın yaranması qaçılmaz ola bilir.
Bəs həm sürətli şəkildə, həm də sıxlıq yaratmadan sərnişinlərə aid bağlamaları necə yoxlamaq olar?
Texnoloq Fərrux Rəcəbli bildirir ki, bu cihazlar qurulandan sonra sıxlıq daha da artmağa başlayıb: “ Hər nə qədər təhlükəsizlik məqsədlərilə sərnişinlərə aid bağlamalar yoxlanılarkən aparat qarşısında sıra yaranması qaçılmaz olur”.
Texnoloq başqa hansı yoxlama sistemlərinin tətbiq oluna biləcəyindən danışıb:
“Əksər ölkələrin metro sistemlərində termal(istilik) kameralarından istifadə olunur. Beləliklə, sərnişinlər platformaya keçid edərkən uzaq məsafədən termaı kameralar onları izləyir. Şübhəli olan hər hansı bir vəziyyət yaranarsa, bu kamera sistemi dərhal xəbərdarlıq edir. Lakin bütün bu kamera sisteminin tətbiqi külli miqdarda vəsait tələb edir”, - deyə o bildirib.
Mövcud vəziyyətlə əlaqədar Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edir ki, rəhbərlik sözügedən sıxlıqdan xəbərdardır: “ Bakı Metrosunda platformalardakı sıxlığı minimum səviyyəyə endirmək üçün xüsusi planlar hazırlanır. Məsələn “28 May” – “Həzi Aslanov” xəttində qatarların intervalı iki dəqiqəyə qədər endirilsə də, “Dərnəgül” – “28 May” xəttində intervalı azaltmaq mümkün deyil. Çünki “28 may” stansiyasında xətlər ikiyə (İçərişəhər və Dərnəgül) ayrılır”.
Bəxtiyar Məmmədov onu da əlavə edir ki, bəzən xəttə buraxılan ehtiyat qatarlar da bu hallara səbəb ola bilir: “Dərnəgül” – “28 May” xəttində interval 3-4 dəqiqə arasında dəyişsə də, bəzən bu göstərici 6-7 dəqiqəyədək çata bilir. Sərnişinlərin rahat hərəkətini təmin etmək üçün xəttə ehtiyat qatarlar buraxılır. Bu zaman əvvəlkindən bir qədər sonra ehtiyat qatar xəttə buraxılır”.
Digər tərəfdən, şəhərdəki marşrutların hərəkəti də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi(AYNA) tərəfindən idarə olunur. Qeyd etdiyimiz vəziyyətlə bağlı AYNA ilə əlaqə saxladıq.
Qurumun əməkdaşı Tural Orucov bildirib ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib: “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi marşrut xətlərində avtobus sayını gündəlik nəzarətə götürüb. Müəyyən xətlər üzrə avtobuslararası interval azaldılıb, bəzi marşrut xətlərində isə kiçiktutumlu avtobuslar iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənib”.
Həmçinin Tural Orucov vurğulayır ki, sərnişindaşıma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara avtobuslar əlavə olunur: “Bu gün Bakı şəhərində müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1999-dur. Ötən ilin eyni dövründə bu rəqəm 1738 olub. 261 avtobusun əlavə edilməsi illik 50 milyondan çox səfər imkanının yaradılması deməkdir.
Daşıma imkanlarının artırılması istiqamətində Agentlik tərəfindən paytaxtın bir sıra ərazilərində tədbirlər həyata keçirilir. Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır. Hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərinə yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir”.
Fərahim Rzazadə
