Azərbaycanda uşaqların dini ayinlərdə iştiraka məcbur edilməsi qadağan ediləcək
Bu məsələ yeni hazırlanan “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, məcburiyyət yalnız zorakılıq olduqda mümkündür, valideynin yönləndirməsi isə tərbiyənin bir hissəsidir:
“Bu məsələ kifayət qədər mürəkkəb və həssasdır. “Məcburiyyət” anlayışı özü də mübahisəlidir. Valideyn uşağın tərbiyəsi prosesində istər-istəməz müəyyən qaydalar qoyur: nə vaxt yatmalı, nə oxumalı, nəyə baxmalı, nəyə baxmamalıdır. Bu, təkcə dini məsələlərdə deyil, həyatın bütün sahələrində mövcuddur və valideynin məsuliyyətinə daxildir. Uşağın dini ayinlərdə iştirakı məsələsində əsas sual məcburiyyətin necə müəyyən olunmasıdır. Dini ayin dedikdə namaz qılmaq, oruc tutmaq, dini geyimlərdən istifadə və ya dini mərasimlərdə iştirak nəzərdə tutulur. Burada qarşılıqlı razılıqla məcburiyyət arasındakı sərhədi müəyyən etmək asan deyil. Məcburiyyət yalnız uşağa qarşı zor tətbiq edildiyi, fiziki və ya psixoloji təzyiq göstərildiyi hallarda aydın görünür. Əgər valideyn uşağa zorakılıq etmirsə, onu təhqir etmir və işgəncə vermirsə, bu vəziyyəti hüquqi baxımdan məcburiyyət kimi qiymətləndirmək çətindir. Vicdan azadlığı prinsipi bütün dinlərə şamil olunur. Valideynlər adətən öz inanclarını doğru hesab edir və bunu uşaqları üçün xeyirli sayırlar. Bu səbəbdən balans məsələsi olduqca incədir və yalnız xüsusi hallarda dövlət müdaxiləsi zəruri ola bilər”.
Arzu Poladova
