Azərbaycanda yerləşmə obyektləri üçün yeni dövlət standartı hazırlanır
Azərbaycanda hotel, hostel və qonaq evləri daxil olmaqla, bütün yerləşmə vasitələri üçün minimum xidmət və infrastruktur tələblərini əhatə edən yeni dövlət standartı hazırlanır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirib ki, yeni dövlət standartları Azərbaycanda yerləşmə obyektlərinin xidmət keyfiyyətinə, əlbəttə ki, çox müsbət təsir edəcək:
"Hər bir formada bu standartlar hamısı beynəlxalq standartlara uyğun tərtib olunur. Bildiyimiz kimi, Azərbaycanda bir çox hotellərimiz var ki, bu standartlara riayət etmirlər və yaxud riayət edə bilmirlər. Müxtəlif səbəblərdən o standartlar təqdim olunmur. Və bu halda hər bir formada xidmət keyfiyyətinin aşağı düşməsi, xidmətin pislənməsi və müştəri məmnuniyyətinin çox pis olması mənfi rəylərə gətirib çıxarır. Hamımızın bildiyi kimi, Azərbaycan vətəndaşları da kifayət qədər bütün dünyanı səyahət edirlər, yəni o cür vətəndaşlarımızın sayı az deyil; keyfiyyətə öyrəşən, xidmətə öyrəşən digər xarici dövlətlərdə xarici səyahətlər zamanı xarici hotellərdə gördükləri servislərə əsaslanaraq. Hər bir formada Azərbaycanımızda da regionları səfər etdiyi müddətdə və yaxud da fərq eləmir, region olsun, Bakı şəhəri olsun yəni mütləq şəkildə bu standartlar olmalıdır və müştərilərin, turistlərin bu standartlara ehtiyacı var. Hər bir formada bu standartlar olduqca Azərbaycanın turizm potensialının yüksəlişi və beynəlxalq arenada rəqib destinasiya ilə sağlam, ciddi rəqabət aparmağa əsas verir. Sertifikatlaşdırmanın gələcəkdə məcburi olması turizm bazarında birmənalı olaraq, hətta bu dərəcədə belə, qəti şəkildə bildirirəm ki, turizm bazarının inkişafına, turizm bazarında irəliləyişə, turizm bazarında baş verən hərc-mərcliyin, bu günkü gündə rastlaşdığımız turizm camiəsində baş verən neqativ hallar, qeyri-qanuni fəaliyyətlər, hər hansı turistin aldadılması və yaxud başqa formada turistdən qeyri-qanuni pulların alınmasında bu sertifikatlaşmaya çox böyük ehtiyacımız var. Sertifikatlaşma burada təbii olaraq həm şirkətlərin sertifikatlaşmasından, həm turizm bələdçilərinin sertifikatlaşmasından, həm turizm camiəsində işləyən əməkdaşların sertifikasiyasından söhbət gedə bilər. Yəni burada turizm sahəsində bir çox növ və bir çox qollar var. Bunların hamısının tətbiqinə 15-20 ildir Azərbaycan turizm praktikası ehtiyac olduğunu göstərir. Qeyri-qanuni fəaliyyət göstərən işbazların qarşısının alınmasında çox böyük, əhəmiyyətli bir rolu var. İnternet xidmətinin keyfiyyətinin standartlara daxil edilməsi turist məmnuniyyətinin ayrılmaz, qaçılmaz bir hissəsidir. Bu gün biz artıq 21-ci əsrdə yaşayırıq və dünyada baş verən texnologiyaların, innovasiyaların hansı səviyyədə, hansı dərəcədə olmasından bəhs ediriksə, bu gün artıq internet xidmətinin keyfiyyətinin standartlara daxil edilməsi çoxdan baş verməli olan, mütləq şəkildə olmalı bir xidmət idi."
Aişə Mustafayeva
