00:00:00
Yazar
Admin User
06.02.2026 17:57 44 2 dəq oxuma
Sosial

“Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin sayı artıb”

“Azərbaycandan son illərdə hüquq təhsili üçün xaricə gedənlərin sayı artıb”

Azərbaycandan son illərdə bir sıra gənclərin hüquq təhsili almaq üçün xaricə getdiyi müşahidə edilir. Elm və Təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, diplomların tanınması sahəsində bəzi neqativ hallara rast gəlinir. Eyni zamanda, son illərdə ABŞ və digər ölkələrdəki nüfuzlu hüquq universitetlərinə üz tutan tələbələrin sayı artıb və yüksək nailiyyət göstərən gənclərin təqribən 25 faizi hüquqşünaslıq ixtisasını seçir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli bildirib ki, gənclərin hüquq təhsili üçün xaricə üz tutmasının artması təsadüfi deyil:

 

“Bu tendensiyanın arxasında həm qlobal təhsil imkanlarının genişlənməsi, həm də gənclərin beynəlxalq standartlara uyğun hüquq bilikləri əldə etmək istəyi dayanır. Hüquq sahəsi yalnız nəzəri bilikdən ibarət deyil; eyni zamanda hüquqi düşüncə tərzi, praktiki yanaşma, analitik bacarıq və beynəlxalq hüquq normalarını tətbiq etmə qabiliyyəti çox önəmlidir. Xaricdə təhsil alan tələbələr bu baxımdan daha geniş dünyagörüşü qazanır və bu, gələcəkdə ölkənin hüquq sisteminə müsbət təsir göstərə bilər.

Digər tərəfdən, bu artım həm də ölkədə hüquq ixtisasına marağın yüksəlməsi ilə bağlıdır. Hüquq cəmiyyətin hər sahəsinə təsir etdiyi üçün gənclər bu sahədə həm prestij, həm də gələcək karyera imkanları görürlər. ABŞ və digər nüfuzlu ölkələrdəki hüquq məktəblərinə gedənlərin artması isə göstərir ki, gənclər yalnız diplom deyil, keyfiyyətli təhsil və beynəlxalq əlaqələr əldə etmək niyyətindədirlər".

 

Əmrah Həsənli diplomların tanınması prosesində yaranan çətinliklərə də toxunub:

 

"Bəzi hallarda tələbələr akkreditasiyası zəif və ya tanınmayan universitetlərə üz tutur. Bəzən isə təhsil forması, kredit sistemi, tədris müddəti və proqramın məzmunu yerli standartlara uyğun gəlmir. Diplomların tanınması sadəcə sənəd yox, həmin şəxsin real bilik və kompetensiyasını qiymətləndirmək məqsədi daşıyır. Dövlət burada bir növ filtr rolunu oynayır ki, hüquq kimi həssas sahədə qeyri-peşəkar kadrların sistemə daxil olmasının qarşısı alınsın.

Xaricdə hüquq təhsili alan gənclərin ölkəyə qayıdıb işləməsi hüquq sahəsində peşəkar kadr potensialını artırmağa kömək edə bilər. Amma bu, təkcə “qayıtdı və problemi həll etdi” qədər sadə məsələ deyil. Əsas şərt odur ki, həmin gənclər ölkədə öz biliklərini tətbiq edə biləcəkləri şəffaf, rəqabətli və inkişaf yönümlü hüquqi mühit görsünlər. Düzgün inteqrasiya mexanizmləri qurularsa, bu gənclər hüquqi xidmətlərin keyfiyyətini yüksəldə, yeni yanaşmalar gətirə və hüquq sistemində düşüncə tərzinin dəyişməsinə təsir göstərə bilərlər.

Ümumilikdə, xaricdə hüquq təhsili alanların sayının artması düzgün idarə olunduğu halda ölkə üçün böyük üstünlükdür. Bu, hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşmasına, hüquqi savadlılığın artmasına və gələcəkdə daha güclü hüquq institutlarının formalaşmasına real töhfə verə bilər".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər