00:00:00
Yazar
Admin User
03.12.2025 19:09 129 4 dəq oxuma
İqtisadiyyat

Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi açıqlanıb

Azərbaycanın iqtisadi siyasətinin üç strateji hədəfi açıqlanıb

Azərbaycanın iqtisadi siyasətinin əsas istiqamətləri bəlli olub. Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı məlumat verib. Nazir bildirib ki, 2026-cı ilin büdcəsində investisiya yönümlü portfelin xüsusi çəkisi 34 % təşkil edir ki, bu göstərici dünya və postsovet ölkələrinin ortalamasından daha yüksəkdir. Bu isə Azərbaycan büdcəsinin davamlı şəkildə investisiya yönümlü olduğunu göstərir. Həmçinin, növbəti il icmal büdcə xərclərinin 2,6 % artımı proqnozlaşdırılır. Bu artımın həm investisiyaları, həm də əhalinin gəlirlərini dəstəkləməklə iqtisadiyyata əlavə töhfə verəcəyi bildirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ümumiyyətlə, hazırda hökumətin konkret olaraq hər hansı bir yeni iqtisadi kursu yoxdur:

 

"Strateji hədəflər baxımından məsələyə yanaşsaq, bu, qəbul olunmuş strateji hədəflərdir. Dünyanın bütün ölkələrində məqsəd makro-sabitliyin qorunması, təmin edilməsi, sürətli iqtisadi artıma nail olunması və eyni zamanda dayanıqlılıq və ehtiyatların qorunması məsələləridir. Yəni burada da heç bir yenilik yoxdur. Hazırda hökumətin orta və uzunmüddətli dövrdə iqtisadi siyasət kursunu dəyişməsi ilə bağlı meyillər müşahidə olunmur. Halbuki bu istiqamətdə ciddi çağırışlar var və mövcud kursun davam etdirilməsi nəticəsizliyini ortaya qoymaqdadır. Azərbaycan iqtisadiyyatı, demək olar ki, böyüməyən iqtisadiyyat hesab oluna bilər. Çünki hazırkı indikatorlar çox kiçikdir. Yəni, Azərbaycan iqtisadiyyatı xam iqtisadiyyatdır və onun orta artım tempi təxminən 7-10% ətrafında olduğu halda, biz bu göstəricinin, xüsusilə qeyri-neft sektorunda, ilin ötən dövründə cəmi 3% ətrafında dəyişdiyini görürük. Bütövlükdə götürdükdə, mövcud iqtisadi model və yanaşma buraya qədər gətirib, amma buradan o tərəfə inkişafı təmin etməyə dəstək vermir və yeni çağırışlara adekvat deyil.Buna görə də, siz sualı fərqli istiqamətdə qoyursunuz, amma mən qeyd edim ki, hal-hazırda hər hansı bir yeni iqtisadi kurs və ya yeni strateji hədəf yoxdur. Hökumət əvvəlki kimi ənənəvi yanaşmanı bu istiqamətdə davam etdirməkdədir.

 

Dövlət büdcəsinin 34%-nin investisiya yönümlü olması yeni bir hal deyil. Azərbaycanda dövlət büdcəsində investisiya xərcləri ənənəvi olaraq üstünlük təşkil edib. 2015-ci ildə baş verən iqtisadi böhran nəticəsində qısa müddətli azalma müşahidə olunsa da, sonrakı illərdə bu xərc istiqaməti yenidən əvvəlki səviyyəsinə qayıtdı. Xüsusilə də son illərdə işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı layihələr bu tendensiyanı daha da gücləndirib. Nəticə etibarilə, Azərbaycanın fiskal siyasətinin əsas çərçivələri dəyişməyib və əvvəlki istiqamətdə davam edir.

 

Azərbaycanda büdcədən əsas kapitala yönələn investisiyalar hər zaman prioritet olub. Bu yanaşma həm də mövcud iqtisadi modelin tələbidir. Çünki hökumət xərc etmədikdə iqtisadiyyat, xüsusilə də tikinti sektoru inkişaf etmir. Məsələn, 2025-ci ilin ilk iki ayında büdcədən investisiya qoyuluşlarının gecikməsi tikinti sektorunda ciddi durğunluğa səbəb olmuşdu. Bu isə göstərir ki, tikinti sektoru büdcə investisiyalarından birbaşa asılıdır və dövlət xərcləri bu sektorda əsas stimullaşdırıcı rol oynayır.

 

Bu məsələnin qiymətləndirilməsi daha düzgün olar ki, icmal büdcə xərcləri əsasında deyil, bilavasitə dövlət büdcəsinin xərcləri kontekstində aparılsın. Çünki icmal büdcə bir sıra fərqli büdcələri o cümlədən Dövlət Sosial Müdafiə Fondu, Dövlət Neft Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və s. özündə birləşdirir. Bu isə bəzi hallarda təkrar xərclərin və gəlirlərin bir-birini üst-üstə düşməsi ilə nəticələnir. Məsələn, Dövlət Neft Fondunun xərcləri dövlət büdcəsinə transfer şəklində daxil olur və ya dövlət büdcəsindəki sosial xərclərin bir hissəsi Dövlət Sosial Müdafiə Fondunun gəliri kimi çıxış edir.

 

Bu səbəbdən daha düzgün yanaşma, dövlət büdcəsinin xərcləri çərçivəsində dəyişikliklərin təhlili olardı. 2026-cı il üzrə dövlət büdcəsinin xərclərinin artırılması səviyyəsi nominal ifadədə inflyasiya ilə müqayisədə xeyli geri qalır. Əgər inflyasiya göstəriciləri nəzərə alınaraq 2025-ci il büdcəsinin real balansı qorunmağa çalışılsaydı, büdcə xərcləri təxminən 6% artırılmalı idi ki, bu da 2 milyard manata yaxın vəsait demək olardı. Lakin bu addım atılmayıb, yalnız bəzi sahələr üzrə cüzi artımlar nəzərdə tutulub. Ötən il həyata keçirilən sosial paketlər çərçivəsində reallaşmayan bəzi müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarlar qəbul edilib. Bütövlükdə 2026-cı il üzrə mövcud iqtisadi-sosial yanaşmanın qorunub saxlanılması nəzərdə tutulur. Minimum əməkhaqqı və pensiya məbləği sabit saxlanılacaq, sosial müdafiə xərclərinə isə cəmi 230-250 milyon manat həcmində əlavə vəsait ayrılması planlaşdırılır. Bu da onu göstərir ki, bu istiqamətdə ciddi struktur dəyişiklikləri gözlənilmir.

Ümumilikdə 2026-cı il üzrə dövlət büdcəsinin xərcləri real ifadədə  yəni inflyasiya amili nəzərə alındıqda  2025-ci illə müqayisədə daha aşağı olacaq. Nominal artım olsa da, qiymət səviyyəsinin yüksəlməsi bu artımı neytrallaşdırır və nəticədə zəiflədici təsir daha çox hiss ediləcək.Yalnız yaşayış minimumunun artması bu mənzərəni qismən dəyişə bilər. Sosial yardımın hesablanması metodologiyası bu göstəriciyə bağlı olduğundan, yaşayış minimumunun 285 manatdan 300 manata qaldırılması sosial yardım alan ailələrin aldıqları vəsaitin bir qədər artmasına səbəb olacaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər