Azərbaycanın "Milli Peyk" layihəsinin müəllifi ilə görüş
Milli Peykin hazırlanması, Azərbaycanın kosmik proqramına böyük töhfə verib, rabitə, geodeziya, meteorologiya və digər sahələrdə məlumatların toplanmasını mümkün edib. Bu uğur, həmçinin Azərbaycan alim və mühəndislərinin dünya səviyyəsində tanınmasına gətirib çıxarıb.
Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada,texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Məzahim Quliyev bildirib ki,bu uğur ölkəmizin kosmik texnologiyalar sahəsində müstəqilliyini təmin edən mühüm addımdır. Milli peykin hazırlanması uzunmüddətli elmi tədqiqatların və peşəkar komandanın əməyi nəticəsində mümkün olub:
"Azərbaycanın Milli Peyki mövzusu ortaya çıxanda, nazirlikdə layihəni hansı təşkilatın yazması müzakirə olunanda bildirdim ki, başqa təşkilatı niyə axtarırsınız,layihəni mən yaza bilərəm,ixtisasım budur və işə başladım. Tezliklə Milli Peyk Layihəsini ortaya çıxartdım. Beynəlxalq Telekommunikasiya İttifaqı peyklə bağlı rəy bildirməyi üçün onun adına sənədlər göndərdim. Daha sonra nazir Nadir Əhmədovla müzakirələri olandan sonra “Milli Peyk” layihəsini yazmağa başladım. Həmin illərdə telekommunikasiya haqda ölkəmizdə kadrlar azlıq təşkil edib. SSRİ dövründə Azərbaycanda “Peyk rabitəsi və yayımı” adlı fənn dərs cədvəlində əksini tapsa da, davamlı şəkildə tədris olunmayıb. Sadəcə, Moskvada mütəmadi keçirilib. İttifaqa daxil olan digər ölkələrdəki kosmik biliklərlə bağlı gerilik məhz bu səbəbdən yaşanıb".
Həmçinin Məzahim Quliyev bildirib ki, layihəni hazırlamaqda əsas məqsədi Azərbaycanın özünün informasiya müstəqilliyini əldə etməsi olub:
"Peyk bizə məxsus olmadığı üçün istənilən vaxt kanalı bağlaya bilərdilər. Buna görə öz peykimiz olmalı idi. Layihəni bitirdikdən sonra tender elan olunub. Dünyanın kosmik nəhəngləri-Yaponiya, Fransa, Rusiya və Amerikan şirkətləri ilə birbaşa əlaqə saxladım. Bu onların marağını cəlb etdi. Daha sonra həm milli, həm də dünya mətbuatı bu hadisədən və onun fəaliyyətindən yazıb. BBC telekanalı da onun haqqında video süjet yayımlayıb. Dünya nəhəngləri elektron poçtuma şəxsən məktub yazıblar. Bir ay müddətində “Milli Peyk” layihəsini yazdım. Bu layihəyə qədər Azərbaycan seqmentləri müxtəlif ölkələrdən kirayə götürüb,məsələn, Rusiyadan, ABŞ-dən buna da xeyli vəsait tələb olunub. Milli peykimiz Amerikada yığılıb. 2013-cü Fransa Qvianasında yerləşən KURU kosmodromundan milli peykimiz qaldırılıb".
Aysun Vəliyeva
