00:00:00
Yazar
Admin User
04.02.2026 17:11 93 2 dəq oxuma
Siyasət

Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

Mədəniyyət naziri Adil Kərimli ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlo ilə görüşərək iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Görüşdə həmçinin bu il Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu diqqət mərkəzində olub.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib ki, Azərbaycanın Amerika Birləşmiş Ştatları və dünyanın qabaqcıl, nüfuzlu ölkələri ilə fəal əməkdaşlığı hər zaman aktual və gündəmdə olan bir məsələdir:

 

"Və təbii ki, mədəniyyət nazirinin Amerika Birləşmiş Ştatlarının səfiri ilə görüşündə bu məsələnin gündəmə gətirilməsi vacib və gözlənilən bir addımdır. Düşünürəm ki, son illərdə, xüsusən son iki il ərzində Amerika ilə Azərbaycan arasında münasibətlərdə xeyli pozitivlik və ciddi irəliləyiş var. Yəni münasibətlər yaxın tərəfdaşlıq müstəvisindən strateji əməkdaşlıq mərhələsinə qədəm qoyub. Həmçinin, Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur yolunun açılışı məsələsində ABŞ-nin iştirakı və dəstəyi siyasi, mədəni və iqtisadi əlaqələrin inkişaf strategiyasına xidmət edir. Digər tərəfdən, burada müzakirə olunan məsələlər Azərbaycanın regionun fəal siyasi aktoru kimi beynəlxalq münasibətlərdə iştirakının əhəmiyyətini bir daha təsdiqləyir. Söhbət Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan gedir. Azərbaycan qədimdən bəri sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi, dialoqda olduğu bir məkandadır və bu baxımdan ABŞ ilə mədəni əməkdaşlığı dünyada sivilizasiyalararası dialoqa böyük töhfə verə bilər. Faktiki olaraq Azərbaycan həm Şərq sivilizasiyasını, həm də Qərb mədəniyyətinin mühüm pozitiv dəyərlərini özündə cəmləşdirən, sürətlə inkişaf edən bir dövlətdir. Avropaya və Amerikaya, post-sovet məkanına kifayət qədər yaxınlığı və bu ölkələrlə münasibətdə balanslı siyasəti onu seçilən dövlət edir. Bu baxımdan Azərbaycan dünya mədəniyyətinə və tarixinə öz təsiri ilə töhfə verəcək bir ölkədir. Məkanımız kiçik olsa da, tariximiz və tarixi coğrafiyamız yetərincə böyükdür".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər