00:00:00
Yazar
Admin User
10.02.2026 12:05 30 2 dəq oxuma
Siyasət

“Azərbaycanla Slovakiya arasında minaatan müqaviləsi təsadüfi deyil”

“Azərbaycanla Slovakiya arasında minaatan müqaviləsi təsadüfi deyil”

Azərbaycan və Slovakiya Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya Müdafiə Sərgisi çərçivəsində 210 milyon avroluq minaatan müqaviləsi imzalayıb. Slovakiyanın Müdafiə naziri Robert bildirib ki, ilkin mərhələdə, 96 ədəd minaatanın tədarükü üzrə danışıqlar aparılıb və bu əməkdaşlıq iki ölkə arasında müdafiə sahəsində strateji əlaqələrin inkişafına xidmət edir. 

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a açıqlamasında Azərbaycan-Slovakiya münasibətlərinin uzunmüddətli xarakter daşıdığını bildirib. Slovakiya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və 35 ildir iki ölkə arasında əməkdaşlıq davam edir:

 

“Keçən ildən etibarən Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə də imzalanıb. Slovakiyanın Müdafiə naziri ötən il Bakıda Qələbənin 5-ci ildönümünə həsr olunan hərbi paradda şəxsən iştirak edib. Həmin paradda Azərbaycanın Slovakiyadan əldə etdiyi NORA B-52 uzaqmənzilli özüyeriyən artilleriya sistemləri də nümayiş etdirilib. Paraddan sonra isə bir neçə mühüm görüş keçirilib”.

 

Ekspertin sözlərinə görə, Azərbaycan və Slovakiya arasında müdafiə sənayesi məhsullarının Azərbaycanda birgə istehsalına dair artıq razılaşmalar mövcuddur. Bu baxımdan, 120 mm-lik avtomatik minaatanların tədarükünə dair müqavilənin imzalanması təsadüfi deyil:

 

“Bu tip müqavilələr adətən etibarlı tərəfdaşlarla imzalanır. Slovakiya da Azərbaycanın etibarlı tərəfdaşlarından biridir. Bu əməkdaşlıq, Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərində mövcud olan artilleriya bölmələrinin döyüş imkanlarının artırılmasına hesablanıb. Digər tərəfdən isə, Azərbaycanın müdafiə sənayesi şirkətləri yerli minaatanların istehsalını həyata keçirir və hesab edirəm ki, burada - Azərbaycan ərazisində SAM-120 minaatanlarının birgə istehsalı da gündəmdə ola bilər. Bu məsələlər daha əvvəl Slovakiya ilə müzakirə olunub və artıq bir sıra qərarlar qəbul edilib”.

 

Ekspert sonda qeyd edib ki, Slovakiya ilə münasibətlər gələcəkdə də yüksələn xətlə davam edəcək və bu əməkdaşlıq bütün qurumların, o cümlədən, güc strukturlarının və təhlükəsizlik təşkilatlarının maraqlarına, onların inkişafına səbəb olacaq.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər