Azərbaycanlı həkimlər Ankarada bir araya gəliblər
Ankarada Türkiyənin müxtəlif universitetlərinin tibb fakültələrində məzun olan azərbaycanlı gənclərin “Nümunəvi həkim olmağa doğru” şüarı altında təşkil edilən dördüncü Forumu keçirilib.
Diasporla iş üzrə dövlət komitəsindən verilən xəbərə görə, Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin (AHD) təşkilatçılığı və ölkəmizin Ankaradakı səfirliyinin təhsil müşavirliyinin dəstəyi ilə iki gün davam edəcək “Səhiyyə sisteminin inkişafı və müasir tibbi təhsil” mövzusuna həsr edilmiş tədbirin açılış mərasimində qardaş ölkələrin nüfuzlu tibb və təhsil müəssisələrinin rəhbər şəxsləri, tanınmış həkimləri, bu sahənin gənc mütəxəssisləri iştirak ediblər.
Toplantıda çıxış edən Hacettepe Universitetinin prorektoru, professor Şəbnəm Harput, Türkiyənin Ali Təhsil Qurumunun nümayəndəsi Sezer Komsuoğlu, həmçinin nüfuzlu ali təhsil ocaqlarının professorları Azərbaycanda bütün istiqamətlərdə, o cümlədən səhiyyə və təhsil sistemlərində müşahidə edilən dinamik inkişafı böyük maraq və məmnunluqla izlədiklərini vurğulayıblar.
Tədbirdə çıxış edən Azərbaycan Mərkəzi Klinik Xəstəxananın baş direktoru Toğrul Adıgözəlov tədbir iştirakçılarına ölkəmizdə səhiyyə sisteminin inkişafı barədə ətraflı məlumat verib.
Ankaradakı səfirliyimizin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ölkəmizdən gələn gənclərin Türkiyənin müxtəlif ali təhsil ocaqlarında yüksək səviyyəli kadrlar kimi yetişdirilməsini iki ölkə arasındakı qardaşlıq münasibətlərinin mühüm təzahürlərindən biri kimi qiymətləndirib.
AHD-nin sədri Şahin Xanəlioğlu təşkilatın qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Forumda Türkiyədə təhsil alan mütəxəssislərin Azərbaycanda aparıcı mövqelər tutduğu və bu tendensiyanın davam etməsi üçün hər cür şərait yaradıldığı vurğulanıb.
Türkiyədə təhsillərini, eləcə də elmi və praktiki fəaliyyətlərini davam etdirən azərbaycanlı gənclər isə Vətənə yüksək səviyyəli mütəxəssislər olaraq qayıtmaq üçün yeni təşəbbüslərlə çıxış edirlər.
Azərbaycanlı Həkimlər Dərnəyinin fəaliyyəti də Forum iştirakçıları tərəfindən bu istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirilib.
Forumda “Azərbaycanın səhiyyə sistemindəki yeniliklər”, “Xaricdə təhsil alan azərbaycanlı həkimlər üçün ölkəmizdə yaradılan iş imkanları” və digər mövzular üzrə səmərəli fikir mübadiləsi aparılıb.
