Azyaşlılar arasında onkoloji xəstəliklər artıb
Uşaqların sağlamlığı ilə bağlı statistikalarda müşahidə olunan dəyişikliklər cəmiyyət üçün ciddi siqnaldır. Azyaşlılar arasında onkoloji xəstəliklərin artması bu sahədə səbəblərin, risk amillərinin və mövcud tibbi imkanların daha dərindən araşdırılmasını zəruri edir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov bildirib ki, xərçəng halları dünyada artır və daha gənc yaşlara keçir, əsas səbəblər qeyri-sağlam qidalanma və həyat tərzidir:
“Onkoloji xəstəliklər tək bizim ölkədə deyil, bütün dünyada sürətlə həm artır, həm də ki, cavanlaşır. Son 20 ilə diqqət etsək, əvvələn bizim yanımıza yaşlı insanlar müraciət edirdilərsə, son 20 ildə artıq bizim yanımıza gələn pasiyentlər demək olar ki, 50 yaşdan aşağı insanlardır. Və burada da təbiidir ki, bir sıra faktorlar vardır. Xüsusilə olaraq onkoloji xəstəliklərin bu qədər artmasının əsas səbəbləri, yüzdə 40-45 qidalanma faktoru durur. İkinci sırada tütün məhsullarından geniş istifadə, son zamanlar bu həm uşaqlar arasında, həm qızlar arasında dəbəlanan artıq elektron siqaretlərdən geniş istifadə, alkoqoldan sui-istifadə, hərəkətsizliyin olması, artıq çəkinin olması, stres faktorunun olması, hərəkətsizliyin olması,bütün bunlar hamısı təbiidir ki, onkoloji xəstəliklərin həm sürətlə artmasına, həm də ki, cavanlaşmasına gətirib çıxardan əsas amillərdən biridir. O ki, qaldı son zamanlar bizim ölkəmizdə uşaqlar arasında bu qədər bunun sürətlə artmasının əsas səbəbi isə, təbiidir ki, uşaqlar arasında daha çox istifadə olunan fast food qidalardan geniş istifadə, emal olunmuş məhsullardan istifadə,dönər aiddir bura, qamburqerə aiddir, kolbasa məhsulları, sosis məhsulları uşaqlar arasında fikir versəniz, hərəkətsizliyin son zamanlar artması, artıq çəkinin olması və bütün ətraf-mühitin çirklənməsi aiddir. Bütün bunlar hamısı uşaqlar arasında da Azərbaycanda onkoloji xəstəliklərin bu qədər sürətlə artmasına gətirib çıxaran əsas amillərdən biridir.
Bu zaman diqqət etmək lazımdır ki, uşaq olduğu üçün bunlar nəzarət etmirlər. Valideynlər xüsusi olaraq burada diqqətli olmalıdır ki, uşaqlarına daim nəzarət etsinlər: ağrısı varmı, yoxmu və yaxud da ki, ölçürək zamanı qan olurmu və yaxud da ki, başqa hansı şikayətlər, temperaturun olması və digər əlamətlər varsa, bunlara ciddi nəzarət etməlidirlər və baxdığında mütləq surətdə həkimə müraciət etmələri tövsiyə olunur. Əsasən də qidalanmağına daha çox üstünlük verilməlidir.
Erkən diaqnostika dedikdə, ilk növbədə rentgen müayinəsinin aparılmağı, qan analizlərinin, ultrasəs müayinəsinin aparılması, əgər bununla da erkən diaqnoz qoyuluna bilmirsə, o zaman kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiyası və hətta ehtiyac olarsa biopsiyanın götürülüb əkilməsi,bütün bunlar hamısı erkən diaqnostikaya aiddir və ondan sonra da təbii ki, buna uyğun da müalicə seçimi olur".
Arzu Poladova
