00:00:00
Yazar
Admin User
08.10.2025 16:38 135 2 dəq oxuma
Sosial

Bölgələrdən Bakıya köç sürətlə artır

Bölgələrdən Bakıya köç sürətlə artır

Son illərdə bölgələrdən Bakıya köç edən insanların sayı durmadan artır. Əsasən təhsil və iş məqsədilə paytaxta üz tutan bu axın nəticəsində şəhərlərin əhalisi sürətlə çoxalır, kənd və rayonlarda isə əhali sayı azalır. Urbanizasiya prosesinin güclənməsi isə paytaxtın infrastrukturuna əlavə yük yaradır.

 

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı "İnformator.az"a açıqlamasında bildirib ki, bu, əslində, əsasən təhsil və iş imkanları ilə bağlı olan bir axındır:

 

"İnsanlar, xüsusilə gənclər, daha keyfiyyətli təhsil ala bilmək məqsədilə Bakıda yerləşən ali məktəbləri seçirlər. Axının əsas səbəblərindən biri də budur. Halbuki bölgə universitetləri də kifayət qədər perspektivli təhsil verir və paytaxtdakı ali məktəblərdən geri qalmır. Lakin gənclər nədənsə böyük şəhərdə təhsil almanın daha üstün olduğunu düşünürlər. İkinci əsas səbəb isə, təbii ki, işsizlik problemidir. Bölgələrdə iş imkanları demək olar ki, yoxdur. Dövlət idarələrində və müəssisələrdə çalışanlar istisna olmaqla, əhalinin qalan hissəsi üçün iş əlçatanlığı demək olar ki, sıfır səviyyəsindədir. Əkinçilik və kənd təsərrüfatı ilə məşğul olan azsaylı insanlar istisna olmaqla, bölgə əhalisi ciddi işsizlik problemi ilə üzləşir. Xüsusilə gənclər məşğulluq baxımından çətinliklər yaşayırlar. Bu da onların paytaxta axınının əsas səbəblərindən biridir. İxtisaslı gənclər bölgələrdə öz ixtisaslarına uyğun iş tapa bilmirlər".

 

Ekspert həmçinin bunu da bildirib ki, orta təhsilli gənclər fiziki iş axtarır, lakin bölgələrdə bu sahədə potensial olmadığı üçün təbii olaraq böyük şəhərlərə, əsasən də tikinti sektorunda işləmək üçün üz tuturlar:

 

"Ümumiyyətlə, fiziki əmək tələb edən sahələrin çoxu bölgələrdə real fəaliyyət göstərə bilmir. Kənd təsərrüfatı sahəsində işçi qüvvəsinə ehtiyac olsa da, bu işlərə daha çox orta yaşlı qadınlar müraciət edir. Həm də bu işlər gənclər üçün kifayət qədər yüksək məvacib təklif etmir. Buna görə də gənclər daha perspektivli və yüksək əmək haqqı təklif edən işlər üçün paytaxta köçürlər və beləliklə, urbanizasiyanın əsası formalaşır. Kəndlərdə demək olar ki, adam qalmır. Kəndlər boşalır, şəhərlər isə böyüyür. Şəhərlərin infrastrukturu bu axını qarşılamaqda çətinlik çəkir. Təsəvvür edin ki, 2 milyon nəfərlik əhali üçün nəzərdə tutulmuş bir şəhərdə 6 milyon insan yaşayırsa, bu, nəqliyyat, kommunal xidmətlər və yollar üçün böyük yük yaradır. Bu, həm də havanın keyfiyyətinə mənfi təsir göstərir- maşınların çoxluğu atmosferi çirkləndirir, yaşıllıq isə bu çirkliliyin öhdəsindən gələ bilmir. Nəticədə bir çox ekoloji və sosial problemlərin əsası qoyulur. Buna görə də əsas çıxış yolu bölgələrdə iş imkanlarının artırılmasıdır. Gənclərin bölgə universitetlərini seçməsi üçün həmin ali məktəblərin təbliğatı gücləndirilməli, təhsilin səviyyəsinin yüksək olduğu vurğulanmalıdır. Həmçinin, bütün yaş qruplarını əhatə edən məşğulluq imkanları yaradılmalıdır. Əgər bu axın bu templə davam edərsə, urbanizasiya prosesi Bakının gələcəyi üçün ciddi problemlər yaradacaq".

 

Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər