Böyük diplomatiya masası
“Sülh Şurası”nın ilk tammiqyaslı sammitinin 19 fevral tarixində ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır. Qlobal təhlükəsizlik və regional sabitlik məsələlərinin müzakirə olunacağı gözlənilən tədbirə Azərbaycan Prezidenti də dəvət olunub. Sammit beynəlxalq siyasi gündəmdə yeni diplomatik platforma kimi qiymətləndirilir və onun mümkün nəticələri maraq doğurur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Turan İrfan bildirib ki, "Sülh Şurası" nın Vaşinqtonda keçiriləcək tammiqyaslı sammitində Azərbaycan prezidentinin iştirakı müsbət haldır və ölkənin nüfuzunun sürətlə artdığını göstərir:
“Mahiyyəti etibarı ilə qlobal təhlükəsizlik və regionda sabitlik mövzularının müzakirəsinin də gözlənildiyi sammitdə Azərbaycanın təmsil olunması sülh və əməkdaşlıq sahəsində ölkəmizin dünya öncülləri sırasında olmasını göstərir. Yeni diplomatik platforma olan "Sülh Şurası" beynəlxalq aləmdə böyük diqqətlə izlənilir. Real olaraq bir çox sülh məsələsində önəmli rol oynayan ABŞ prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülhün paraflanmasında iştirakı ölkənizə diqqətin və marağın göstəricisidir. Bu sammitdə iştirak Azərbaycanın Qərblə münasibətlərində yeni mərhələ, yeni imkanlar yarada bilər. Beynəlxalq aləmdə siyasi nüfuza malik yeni yaranmış qurum olaraq bir çox faydalı işlərə vasitəçilik edib imza atması gözlənilir. Sülh və təhlükəsizlik, regionda iqtisadi, ticari inkişaf məsələlərində irəliləyişlər gözlənilir. Bütün bunların fonunda bu sammitdə iştirak Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunu daha da artıracaq”.
Ədilə Hüseynzadə
