00:00:00
Yazar
Admin User
05.02.2026 16:52 46 4 dəq oxuma
Sosial

Böyük şəhərlərdə kirayə krizi

Böyük şəhərlərdə kirayə krizi

Son illər kirayə ev qiymətlərinin sürətlə artması cəmiyyətin ən həssas sosial problemlərindən birinə çevrilib. Xüsusilə böyük şəhərlərdə ailələr və gənclər gəlirlərinin böyük hissəsini kirayəyə xərcləmək məcburiyyətində qalır. Bu vəziyyət həm sosial rifaha, həm də insanların yaşayış seçimlərinə ciddi təsir göstərir.


Mövzu ilə bağlı “İnformator.az” saytı kirayəçinin, ev sahibinin və əmlak ekspertinin fikirlərini öyrənib.

 

Kirayə pulunun bahalaşdığını qeyd edən Sevda Məhərəmmova gündəlik xərclərini azaltmalı olduğunu bildirib:

 

“Qida, geyim və istirahət kimi şeylərə əvvəlki kimi pul ayırmaq çətinləşib. Bu da həm maddi, həm də psixoloji çətinlik yaradır. Əksər hallarda bu mümkün olmur. Maaş artımı kirayə qiymətlərinə çatmır. Ona görə də, ya başqa xərclərdən kəsirik, ya da əlavə iş axtarmağa məcbur qalırıq. Qiymətlər qalxdığı üçün daha ucuz ərazi axtarmaq məcburiyyətində qaldım. Bu da yol məsafəsini uzadır və gündəlik həyatı çətinləşdirir”.

 

Əmlak sahibi Kamil Əsədovun sözlərinə görə, kommunal xərclərin artması, təmir və vergilər qiymət artırmağa səbəb olur:

 

“Eyni zamanda bazarda ümumi bahalaşma da buna təsir edir. Yaxın vaxtlarda qiymətlərin düşəcəyini düşünmürəm. Tələb çox, təklif isə azdır. Dövlət müəyyən qaydalarla kirayə bazarına nəzarət etməlidir ki, həm ev sahibləri, həm də kirayəçilər üçün ədalətli olsun”.

 

Ekspert Elnur Azadov vurğulayır ki, əmlak sektorunda qiymətlər uzun müddətdir ki, artan xətt üzrə davam edir:

 

“2020-ci ildən etibarən ölkə üzrə stabil qiymət artımı müşahidə olunur ki, bu da xüsusilə həssas təbəqəyə daha ciddi təsir göstərir. Həm mənzil almaqda, həm də kirayə bazarında ən çox çətinliklə üzləşən məhz bu qrupdur. Qiymət artımı əsasən böyük şəhərlərdə, xüsusilə Bakı şəhərində özünü daha qabarıq şəkildə göstərir. Bununla yanaşı, Gəncə və tələbə şəhəri hesab olunan bəzi regionlarda da bu proses hiss olunur. Qiymət artımının əsas səbəblərindən biri tələb-təklif balansının pozulmasıdır. Bazar münasibətlərinin təməl prinsipi olan bu amil göstərir ki, təklif nə qədər çox olarsa, qiymətlər bir o qədər stabil olar. Lakin son illərdə, xüsusən Bakı şəhərində təklifin azalması müşahidə olunur. Buna misal olaraq Sovetski ərazisinin sökülməsini, eləcə də şəhərin mərkəzinə yaxın “bayır şəhər” adlandırılan ərazilərdə aparılan genişmiqyaslı söküntü işlərini göstərmək olar. 2016-cı ildən başlayaraq Bakının bir çox ərazilərində mövcud olan köhnə yaşayış fondu istər fərdi evlər, istərsə də çoxmənzilli binalar mərhələli şəkildə sökülüb. Halbuki bu evlərdə kifayət qədər ucuz kateqoriyalı mənzillər mövcud idi və kirayə bazarında mühüm yer tutub. Onların yerində yeni binaların tikilməsi isə vaxt tələb edir. Nəticədə şəhər daxilində ucuz mənzillərin həcmi xeyli azalıb. Digər tərəfdən, regionlardan Bakıya gələn tələbələrin, eləcə də müvəqqəti işləmək üçün paytaxta üz tutan insanların sayı ilbəil artır. Urbanizasiya prosesi də bunu daha da sürətləndirir. Beləliklə, bazarda tələb artır, təklif isə azalır və bu da həm satış, həm də kirayə qiymətlərinin bahalaşmasına səbəb olur. Tikinti şirkətlərinin təklif etdiyi ipoteka şərtləri isə bazarda geniş yayılmayıb və qiymətlər nisbətən yüksəkdir”.

 

Həmçinin ekspert qeyd edib ki, bu səbəbdən vətəndaşlar üçün daha sərfəli variant İpoteka və Kredit Zəmanəti Fondunun proqramı vasitəsilə ipoteka götürmək və istədikləri ərazidə əmlak seçməkdir:

 

“Çünki bu halda seçim imkanları daha geniş olur. Bakının istənilən rayonu, qəsəbəsi və ya regionlar daxil olmaqla, 1970-ci ildən sonra tikilmiş binalar, fərdi evlər isə 2000-ci ildən sonra inşa olunmuş obyektlər ipotekaya yararlı hesab edilir. Tikinti şirkətlərinin bazara çıxardığı mənzillər adətən digər təkliflərlə müqayisədə 5-10 faiz daha baha olur. Halbuki fərdi şəxslərin satdığı, ipotekaya yararlı mənzillər nisbətən daha ucuzdur. Bu evlərdə müəyyən təmir işləri aparılıb və aşınma dərəcəsi nəzərə alındıqda qiymət baxımından daha əlverişli hesab olunur. Yaxın dövrdə kirayə bazarında stabilləşmə gözlənilmir. Bunun üçün real əsas yoxdur. Əksinə, Bakı şəhərində təxminən 200-ə yaxın qəzalı binanın sökülməsi planlaşdırılır. Bundan əlavə, şəhər mərkəzinə yaxın ərazilərdə, o cümlədən Mərkəzi Bankın ətrafında aparılan söküntü işləri kirayə mənzilə olan tələbi daha da artıracaq. Pilot layihələr çərçivəsində istismar müddəti bitmiş 2-5 mərtəbəli köhnə binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi prosesi isə 3-5 il vaxt aparır. Bu müddət ərzində həmin binaların sakinləri kirayə bazarına yönəlir və bu da əlavə təzyiq yaradır. Əhalinin artımı, urbanizasiya və tələbələrin çoxluğu nəzərə alındıqda, yaxın illərdə nə kirayə, nə də satış qiymətlərinin ucuzlaşması real görünmür. Əksinə, qiymət artımının davam edəcəyi gözlənilir”.


Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər