BƏƏ rəhbərliyi Netanyahunun gizli səfəri ilə bağlı məlumatı təkzib edib
Birləşmiş Ərəb Əmirlikləri rəhbərliyi İran müharibəsi dövründə İsrailin Baş naziri Benjamin Netanyahunun ölkəyə gizli səfər etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Bu açıqlama əvvəlcə Netanyahunun ofisi tərəfindən yayılıb. Rəsmi bəyanatda “Bu səfər İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərdə tarixi dönüş nöqtəsinə çevrilib” ifadəsi yer alıb.
Reuters agentliyi mənbəyə istinadən yazıb ki, Benjamin Netanyahu ilə Mohammed bin Zayed Al Nahyan arasında görüş Oman sərhədinə yaxın Əl-Ayn şəhərində keçirilib və bir neçə saat davam edib.
Lakin BƏƏ Xarici İşlər Nazirliyi belə bir səfərin baş tutmadığını açıqlayıb. Əmirlik rəhbərliyi “İsrail Baş naziri”nin və “hər hansı İsrail hərbi nümayəndə heyəti”nin ölkəyə qəbul olunması ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə məsələ ilə bağlı bildirib ki, Netanyahu İran təhlükəsizlik xidmətlərinin uzun müddətdir rəhbərliyə təqdim etdiyi məlumatları təsdiqləyib. Əraqçi İsraillə əməkdaşlığın “bağışlanmaz” olduğunu deyib və belə addım atan şəxslərin cavab verəcəyini vurğulayıb.
BƏƏ-yə məxsus neft obyektləri və gəmilər 28 fevralda İrana qarşı başlanan İsrail–ABŞ hücumları zamanı Tehran rəhbərliyinin hədəfinə çevrilmişdi. Mayın 10-da Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İran mənbəli hücumlarla bağlı hesabat yayıb.
Hesabatda qeyd olunub ki, fevralın sonundan həmin tarixədək ölkə ümumilikdə 551 ballistik raketi, 29 qanadlı raketi və 2 265 pilotsuz uçuş aparatını zərərsizləşdirib.
ABŞ-nin İsraildəki səfiri Mike Huckabee mayın 12-də çıxışı zamanı bu məlumatı təsdiqləyən açıqlamalar verib. O bildirib ki, həmin yerləşdirmə “İbrahim razılaşmaları” çərçivəsində həyata keçirilib və bu addım BƏƏ ilə İsrail arasındakı yaxın münasibətlərin nəticəsidir.
BBC News
Nuray Əliyeva