00:00:00
Yazar
Ayan Sadi
09.09.2026 21:06 51 2 dəq oxuma
Texnologiya

Bəşəriyyət üçün ekzistensial risk: Süni intellektin hansı təhlükələri var?

Bəşəriyyət üçün ekzistensial risk: Süni intellektin hansı təhlükələri var?

 

 

Süni intellektin sürətli inkişafı insan həyatını əhəmiyyətli dərəcədə asanlaşdıran imkanlarla yanaşı, yeni və ciddi risklər də ortaya çıxarır. İnsan nəzarətinin zəifləməsi, manipulyasiya, kibertəhlükəsizlik, əmək bazarındakı dəyişikliklər və texnoloji asılılıq bu risklər sırasında xüsusi yer tutur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən İT mütəxəssisi Fərid Kazımov bildirib ki, süni intellekt sistemlərinin getdikcə daha avtonom xarakter alması insan və dövlət nəzarətinin zəifləməsi riskini artırır.

 

“Əsas risklərdən biri süni intellekt üzərində insan və dövlət nəzarətinin zəifləməsidir. Sistemlərin getdikcə daha avtonom qərarlar qəbul etməsi müxtəlif sahələrdə gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, bəzi şirkətlərdə süni intellekt işçilərin fəaliyyətini qiymətləndirir və insan müdaxiləsi olmadan qərarlar qəbul edə bilir. Bu isə yanlış qərarların tətbiq olunması riskini artırır. Eyni problem daha yüksək səviyyədə, xüsusilə təhlükəsizlik və müdafiə sistemlərində ortaya çıxarsa, nəticələri daha ciddi ola bilər”, - ekspert qeyd edib.

 

Fərid Kazımovun sözlərinə görə, digər mühüm təhlükələrdən biri süni intellekt vasitəsilə insanların manipulyasiya edilməsidir. Onun fikrincə, texnologiya ictimai gündəmin formalaşdırılması, müəyyən mövzuların süni şəkildə ön plana çıxarılması və sosial şəbəkələrdə informasiya axınının yönləndirilməsi üçün istifadə oluna bilər.

 

Ekspert kibertəhlükəsizlik və iqtisadi sahədə də ciddi risklərin mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, bank hesablarına müdaxilə, maliyyə sistemlərinə təsir və böyük həcmdə məlumatların idarə olunması kimi imkanlar süni intellektin nəzarətsiz istifadəsi zamanı ciddi nəticələr yarada bilər.

 

Süni intellektin əmək bazarına təsirinə də toxunan Fərid Kazımov hesab edir ki, əsas problem yalnız milyonlarla insanın işsiz qalması deyil. Onun fikrincə, insanlar əmək bazarında rəqabət qabiliyyətini qorumaq üçün bilik və bacarıqlarını davamlı şəkildə yeniləməli olacaqlar.

 

“Gələcəkdə bir çox peşədə insanın əsas funksiyaları süni intellektin hazırladığı məlumatların idarə edilməsi və strateji qərarların qəbul edilməsi ilə bağlı olacaq. Bununla belə, yekun qərarvermə prosesində insan nəzarəti vacib olaraq qalmalıdır”, - deyə mütəxəssis bildirib.

 

Ekspertin diqqət çəkdiyi digər məsələ isə süni intellekt texnologiyalarının bir neçə güclü ölkənin nəzarətində cəmləşməsi riskidir. Onun sözlərinə görə, böyük maliyyə və texnoloji imkanlara malik dövlətlərin bu sahədə üstünlük qazanması kiçik və inkişaf etməkdə olan ölkələrin texnologiyadan asılılığını artıra bilər.

 

“Bu isə gələcəkdə ‘rəqəmsal müstəmləkəçilik’ adlandırıla biləcək yeni asılılıq forması yarada bilər”, - Fərid Kazımov vurğulayıb.

 

Beləliklə, süni intellektin inkişafı bir tərəfdən böyük texnoloji imkanlar yaradırsa, digər tərəfdən nəzarətin itirilməsi, insan manipulyasiyası, kibertəhlükəsizlik, əmək bazarındakı dəyişikliklər və texnoloji asılılıq kimi problemləri gündəmə gətirir. Ekspertin fikrincə, bu texnologiyaların inkişafı və tətbiqi zamanı insan nəzarəti, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq əsas prinsiplər kimi qorunmalıdır.

 

Nurgün Qənizadə

#süni #ekzistensial #var? #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər